“İldırım” niyə Ankarada çaxmadı

post-img

İldırım Bəyazid (1360-1402) Osmanlı tarixinin 4-cü sultanıdır. O, “ildırım” ləqəbini döyüşlərdə göstərdiyi cəldliyə, şücaətə görə qazanmışdı. Erkən yaşlarından müxtəlif döyüşlərə qatılmışdı. Gələcəyin sultanı təkcə döyüşkən deyil, həm də yaxşı təhsil almışdı. Mənbələrdə latın dilini mükəməl bildiyi xüsusi qeyd olunur. 

Atası Sultan I Muradın qisasını Mi­loş Obroneviçdən alaraq edam elətdir­mişdi. Bununla bərabər qardaşı Yaqub Çələbini də aradan götürmüşdü. Buna səbəb Yaqubun atasının vəsiyyətinin əleyhinə çıxması idi. Osmanlı səltənə­tində taxt-taca görə ilk dəfə qardaş qətli baş vermişdi. 

Bəyazid xaç yürüşlərinə qarşı qətiy­yətlə mübarizə aparmışdı. Bu baxım­dan Bizans dövləti ondan ehtiyat edirdi. Bizans imperatoru II Manuel bu nara­hatlığını məktublarında ifadə etmişdi. Bizans öz əndişələrində haqlı idi. Çünki Bəyazid beş dəfə Bizans paytaxtını mü­hasirəyə almışdı. Lakin iki dəfə fəthə ən yaxın anda nədənsə mühasirədən imti­na etmişdi. 

Tarixçi Əhməd Anapalının fikrinə görə, İstanbulu Bəyazidin zamanında almaq mümkün deyildi. Osmanın o döv­rdə kifayət qədər güclü silahları yox idi. O silahlar yalnız əlli il sonra olacaqdı. 

Bəyazid təkcə Qərbə yürüşlər təşkil etməkdə qalmamış, dövlət qurumlarını möhkəmlətməyə də çalışmışdı. İlk növ­bədə Anadoludakı müxtəlif bəyliklərlə mübarizə aparmışdı. Onun ləğv etdiyi bəyliklərdən birinin başçısı isə şair Qazi Bürhanəddin idi. Bayazid Qazini hərb meydanında məğlub edə bilməsə də, diplomatik yolla bu proplemi həll etmiş­di. Bununla da, hakimiyyətini möhkəm­ləndirə bilmişdi. 

Tarixi mənbələr Bəyazidin ədalətli insan olduğuna şahidlik edirlər. Bir gün sultanın məhkəmədə şahidlik etməsi lazım imiş. Bursa qazısı Molla Şəmsəd­din Fənari bu şahidliyə etiraz edərək belə demişdir: “Sənin şahidliyin keçmir. Çünki sən camaat namazını qılımırsan. Əlində imkanın olaraq bu namazlara qatılmamağın sənin şahidlik etməyinə imkan vermir”. Bu sözləri eşidib sultan məhkəməni tərk etmişdi. Ondan sonra məhkəmənin yanında məscid tikdirərək orada camaat namazlarını qılmışdı. Os­manlı tarixçisi Aşiq Paşazadənin yaz­dığına görə, Bəyazid hər cümə günü yoxsullara sədəqə paylatdırırdı. 

Bəyazid dövlətçilik məsələsində nikah diplomatiyasından da istifadə et­mişdi. O, Serb kralının qızı Olivera ilə evlənmişdi. Lakin bu addım onu içkiyə və kef məclislərinə yönəltmişdi. Bəya­zidin içkiyə “məğlub olması” Ankara sa­vaşının (1402) taleyinə də təsir etmişdi. Döyüş öncəsi Solak Qaraca ona belə demişdir: “Ey Bəyazid xan, hanı güvən­diyin oğulların, sərxoş vəzirlərin?”. Xalq içkiyə aludəçiliyinə görə Bəyazidə belə­cə tənə edirdi. 

Qara Yusifin İldırım Bəyazidə sığın­ması Ankara müharibəsi üçün bəhanə oldu. Tarixçilər Əmir Teymuru təmkin­li, İldırım Bəyazidi isə çılğın bir şəxs kimi qiymətləndirirlər. Ankara savaşın­da həmçinin iki psixoloji əhval-ruhiyyə toqquşmuşdu. Bu ovqat onların bir-bi­rinə göndərdiyi məktublarında da əksini tapmışdı. 

Təəssüf ki, 1402-ci ildə Ankara yaxınlığında tarixdə türk dünyasının bir­liyinə böyük zərbə vuran ağır döyüş baş vermişdi. Teymur döyüşdə ac və döyül­müş fillərdən istifadə etmişdi. Qəzəbli fillər Bəyazidin əsgərlərini əzmişdi. 

Burada bir məqama aydınlıq gə­tirmək lazımdır. Teymurun Bəyazidi qəfəsə saldırması iddiaları yalandır. Bu yalanı o dövrün tarixçisi İbn Ərə­bşah uydurmuşdu. Əksinə, Teymur döyüşdən sonra Bəyazidin şəxsiyyə­tinə hörmət bəsləmişdi, yanından ayır­mamışdı. Bəzi tarixi qaynaqlara görə, Bəyazid acı məğlubiyyət səbəbindən keçirdiyi ağır həyəcana dözməyib hə­yatını itirmişdi. 

Ceyhun MİRZƏLİ,
kulturoloq

Sosial həyat