Panel müzakirə: Turizmin inkişafında biznes-dövlət əməkdaşlığı, son 20 il ərzində əldə edilən uğurlar

post-img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda Forum çərçivəsində "Turizmin inkişafında biznes-dövlət əməkdaşlığı, son 20 il ərzində əldə edilən uğurlar" adlı panel keçirilib.

 Azərbaycan Televiziyasının (AzTV) sədr müavini, jurnalist Rüfət Həmzəyevin moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədrinin müşaviri Müzəffər Ağa Kərimov Azərbaycan yaxın gələcəkdə turizm sahəsi üzrə birinci yerdə olacağını diqqətə çatdırıb. O bildirib ki, bunun üçün bir necə amil mövcuddur: sabitlik, qonaqpərvərlik və ölkəmizin heç bir bloka qoşulmaması.

"Bakı Turizm Ekskursiya MMC"nin direktoru Əlixan Mürvətov Azərbaycanın 2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə Ümumdünya Turizm Təşkilatına üzv olduğunu və bununla da ölkəmizdə turizmin inkişafında yeni bir mərhələnin başladığını bildirib.

O, statistik məlumatlara əsasən 2000-ci illərdə Azərbaycana 1 milyona yaxın turist gəldiyini, 2019-cu ildə isə ölkəmizə gələn turistlərin sayının 3 milyon 170 mini əhatə etdiyini söyləyib.

Azərbaycan Turizm Agentliyi Assosiasiyasının Gəlmə Turizm Komissiyasının sədri Cəmilə Əliyeva Azərbaycan turizm industriyasının 2020-ci ildən sonra geopolitik və digər problemlərin təsirindən çıxdığını deyib. “Postpandemiyadan sonra Azərbaycana gələn turistlərin arealı, milli mənsubiyyəti dəyişib. 2021-ci ildən sonra Azərbaycan turizmi ayağa qalxdı. Biz, sadəcə, Körfəz ölkələrindən deyil, Hindistan, Pakistan, Banqladeşdən də turist qəbul etmişik. MDB ölkələrindən çoxlu turist axını olub. Bizim əsas məqsədimiz Azərbaycanı 4 fəsil turizm destinasiyası etməkdir.

İnvestisiyalar qoyulmalıdır ki, Xəzər dənizi kurort yerinə çevrilsin. Azərbaycanın bir çox səfalı yerləri var və biz onları dünyaya tanıtmalıyıq", - deyə o bildirib.

Son 20 ildə Azərbaycan turizminin inkişafının müsbət mənada tamamilə dəyişdiyini deyən Azərbaycan Turizm Blogerləri Assosiasiyasının İdarə Heyətinin üzvü Mirsəməd Cəfərli, Səyahət və Turizm Peşəkarlarının Beynəlxalq Assosiasiyasının sədri Ceyhun Aşurov, Dövlət Turizm Agentliyinin işlərini dəstəklədiklərini vurğulayıblar.

Panel müzakirəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb.





Mədəniyyət