“Dəli Kür”ün poetik harayı...

post-img

Azərbaycan Yazıçılar Birliyinin Qazax regional bölməsi 35 il əvvəl – 1989-cu ildə yaradılıb. Bölmənin ilk sədri tanınmış yazıçı Saday Budaqlı olub. 1993-cü ildən yerli yaradıcılıq qurumuna şair-publisist Barat Vüsal rəhbərlik edir. 

...Həmin il, Qarabağ münaqişəsinin ən qızğın vaxtında Azərbaycan Televizi­yasına veriliş hazırlamaq üçün Qazaxa səfər etməyimizi xatırlayıram. Görkəmli yazıçı Vidadi Babanlı ilə yola çıxmışdıq. Erməni nankorluğundan qəzəblənmiş Vidadi müəllim Koroğlu ruhunda şeirlər yazmışdı və belə qərara gəlmişdik ki, Qa­zaxda hərbçilərimizlə görüş təşkil edilsin, o da həmin şeirlərini Vətən müdafiəçiləri­nin qarşısında oxusun. Görüşlər maraqlı alındı, əsgər və zabitlərimizin mübarizə ruhunun bir qədər də yüksəlməsinə və­silə oldu. Vidadi Babanlıya qoşulub yağı­ları poetik dillə “qamçılayan” Barat Vüsal­la da elə o zaman tanış olduq.

Ertəsi gün AYB Qazax bölməsi haqqında da veriliş çəkdik. Layiqincə da­vam etdirilən ədəbi ənənələrdən və ya­radıcılıq perspektivlərindən söhbət açıldı, şeirlər oxundu. Bir sözlə, Qazaxa eza­miyyətdən iki maraqlı verilişlə qayıtdıq. 

İndi – düz 35 il sonra Barat Vüsal­la yenidən ünsiyyət qurduq. Dedi ki, həqiqətən də Qazaxda bədii sözün ta­rixi çox möhtəşəmdir. Məşhur el şairləri, həmçinin Vaqif və Vidadi, Abdulla bəy Di­vanbəyoğlu, Kazım ağa Salik, Hacıkərim Sanılı, Səməd Vurğun, Osman Sarıvəlli, Mehdi Hüseyn, İsmayıl Şıxlı, Mirvarid Dil­bazi, Hüseyn Arif, Nəriman Həsənzadə, Tələt Əyyubov, Nüsrət Kəsəmənli, Yusif və Vaqif Səmədoğlular, Vaqif Nəsib və di­gərlərindən üzübelə Qazax ədəbi mühiti hər zaman bulaq kimi qaynayıb və Azər­baycan ədəbiyyatını zənginləşdirib. 

AYB Qazax bölməsinin əhatə etdiyi Ağstafa, Tovuz və Gədəbəydə də ədəbi mühit qaynar olub, daim şaxələnib. Bu­rada söz aləminin daha çox saz üstündə kökləndiyi şəksizdir. Elə buna görə də şairlərin bədii nümunələri kökə dərindən bağlılıqları, irfani yanaşmaları, şirin dili ilə könüllərə nüfuz edir, dillər əzbəri olur. Hazırda bölgədə yaşayıb-yaradan qələm sahibləri – bəlli imzalar ədəbi cameədə yetərincə tanınırlar. Sələflərinin yolunu inamla davam etdirən yazarlar vaxtaşırı ədəbi orqanlarda, dövrü nəşrlərdə çap olunur, bir-birindən maraqlı kitablarını oxuculara ərmağan edirlər.

Bir müqəddəs yazı itib,

Tapan gərək, izi itib,

Allahın bir sözü itib,

Şair o sözü axtarır.

Bu misralar ötən ilin sonlarında nəşr olunmuş “Ayrılmaz yollar” kitabının müəllifi, Əməkdar incəsənət xadimi Ba­rat Vüsala məxsusdur. Daha öncə onun “Göz aydınlığı”, “Ürəyimdən bir çay axır”, “Yolumuz eşqə bağlıdı”, “Ömür bitər, yol bitməz”, “Qazaxda yaşadım mən öz öm­rümü”, “Ruh gəmisi”, “Kufə əhli”, “Xətadı qeyri-eşq”, “Piyada atlı” adlı kitabları da ədəbi tənqidin təqdirini qazanmışdı. 

Şairin yaradıcılığını akademik Nizami Cəfərov, Xalq şairi Nəriman Həsənzadə, tanınmış ədəbiyyatşünas Vaqif Yusifli yüksək dəyərləndiriblər. Barat Vüsal özü isə belə dedi: 

– Oljas Süleymenovun “Min bir söz” əsərində maraqlı bir fikir var, deyir ki, şair min bir söz deyir, fəqət, təzə söz min birinci sözdür. Bu mənada amalımız o sözü tapmaqdır. Ədəbiyyat üçün bircə mərkəz var ki, o da insan qəlbi, oxucu məhəbbətidir. Bizim bölməmiz də öz işini bu istiqamətdə qurub. Ənənəvi “Səməd Vurğun Poeziya Günləri”nin keçirilməsi bərpa olunub. İbrahim Göyçəlinin, Meh­man Nəbilinin, Əvəz Sofuoğlunun, Məza­hir Alıyevin və başqalarının yeni kitabları maraqla qarşılanıb. Son vaxtlarda Ələs­gər Ələsgərov, Nuranə Təbriz (Qazax), Bəyaz Əliyeva, Arif Musayev (Ağstafa), Nazim Əhmədli (Tovuz), Eldar Abdulov (Gədəbəy) AYB üzvlüyünə qəbul edilib­lər. İsa Muğannanın 95, Qabil Qasımlı və Tamella Poladlının 70, Saqif Qaratorpa­ğın və Səhlədar Hidayətoğlunun 60 illik yubileyləri qeyd edilib. Daha 2 şairimiz Prezident mükafatına layiq görülüb. 

Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Qazax Rayon İcra Hakimiy­yətinin dəstəyi ilə Ədəbiyyat Muzeyində “Bizdə şeir də var, sənət də vardır, şairə, sənətə hörmət də vardır” devizi altında möhtəşəm poeziya bayramı olub. 

Ötən ilin iyulunda Vaqif Poeziya Gün­lərinin yenidən Qazaxdan başlanması ənənəsi bərpa olunub. Şəhid Murad Ha­cıyevə həsr olunmuş şeirlər və xatirələr kitabının təqdimatı keçirilib. 44 günlük Vətən müharibəsinə həsr edilmiş şeirlər­dən ibarət “Zəfər nəğmələri” kitabı çapa hazırlanır. Toplu bizi qalib millət edən Baş Sərkərdəmizə minnətdarlıq duyğu­ları yazılmış bu kimi nümunələrlə zəngin olacaq:

Kişi kişiliyi yaşadar canda,

Tarixdə kişilər qəhrəman olur.

Ocağın başında kişi duranda,

Torpağı qorumaq çox asan olur!

Hazırda bölgənin ədəbi aləmində yazarlardan İsa Cavadoğlu, Saqif Qa­ratorpaq, Mustafa Rasimoğlu, Səhlədar Hidayətoğlu, Mübariz Qaragözlü, Məza­hir Yaqub, Məzahir Alıyev, Bilal Qoca, Əli Cəfəroğlu, Aydın İbrahimoğlu, gənc şairlər Rüfət Axundlu və Nuranə Təbrizin yaradıcılıq uğurları təqdirəlayiqdir. 

Sözə məbəd kimi baxan bölgə yazar­larının əsərlərindən Aveydən, Göyəzən­dən əsən küləklərin, “Damcılı bulağ”ın səsi, “Dəli Kür”ün harayı apaydın eşidi­lir... 

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət