Fransa heykəldən intiqam alır...

post-img

Azərbaycanın bir qrup ədəbiyyat, mədəniyyət, incəsənət və elm xadimi, vətəndaş cəmiyyəti təmsilçiləri Fransanın Evian-Le Ba şəhərində Xurşidbanu Natəvanın heykəlinə qarşı nümayiş etdirilən rəftarı qəbuledilməz sayır, abidənin üzərinin bağlanmasını Azərbaycan mədəniyyətinin təhqir edilməsi kimi dəyərləndirir. 

Bu barədə Azərbaycan ictimaiyyəti adından yayılan bəyanatda deyilir. 

“Xurşidbanu Natəvan bütün Şərqdə və İslam dünyasında görkəmli şairə, rəssam, maarifçi və xeyriyyəçi, qadın azadlığı, qadın hüquqları uğrunda mü­bariz kimi tanınır, onun əsərləri Azər­baycanda dövlət varidatı elan olunub. Görkəmli fransız yazıçısı Aleksandr Dümanın da əsərlərində bəhs etdiyi Natəvan, eyni zamanda, Azərbaycan və Fransa xalqları arasında dostluğun tərənnümçüsü kimi tanınır. Evian-Le Ba şəhərində baş vermiş rəzalət Fran­sa hakimiyyətində azərbaycanofobiya, türkofobiya, islamafobiyanın hansı həd­də çatdığını əyani şəkildə göstərir” –deyə bəyanatda vurğulanır. 

Bu gün Natəvan obrazı həm də yeni çalarlar qazanaraq, özündə Şuşa Zəfə­rini, Xankəndi Qələbəsini təcəssüm et­dirir. Ona görə də Fransada məhz Natə­vanın abidəsinə qarşı olan bu iyrənc hərəkətlər təsadüfi görünmür. Fransa hakimiyyəti siyasi hikkəsini Natəvanın Evian-Le Ba şəhərindəki heykəlindən çıxmaqla, hansı səviyyəyə endiyinin fərqinə varmalıdır. Bu, Fransanın siyasi tarixinə qara ləkə kimi düşəcək. 

“Fransa hakimiyyətini Natəvanın heykəli ilə əlaqədar rüsvayçılığı aradan qaldırmağa, həmin parkda yerləşdiril­miş lövhədə silinmiş “Azərbaycan Bağı” sözlərini yerinə qaytarmağa çağırırıq. Yelisey sarayı Azərbaycan bədii fikrinin və mədəniyyətinin görkəmli xadiminə qarşı bu hərəkətlər, azərbaycanlı diplo­matların, jurnalistlərin Fransadan çıxar­ması əvəzinə, Parisdəki Azərbaycan səfirliyinə edilmiş hücumu araşdırmalı, günahkarları cəzalandırmalıdır”, – deyə bəyanatda bildirilir.

XQ

Siyasət