Özbəkistanda Azərbaycan dünyası

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə birgə “Nizami Gəncəvi yaradıcılığında türkçülük məfkurəsi” adlı beynəlxalq elmi konfrans keçirib. 

Məclisdə Azərbaycan, Türkiyə və Öz­bəkistanın nizamişünas alimləri, ölkə ali məktəblərinin professor-müəllim heyəti, tədqiqatçılar, Nizami Gəncəvinin yaradı­cılığı ilə maraqlanan müəllim və tələbələr iştirak ediblər. Çıxış edənlər Nizami Gən­cəvi irsinin tədqiqi və təbliği istiqamətində bir sıra maraqlı təklif irəli sürüblər. 

Konfransda AMM nəzdində Nizami Gəncəvi irsinin dünyada tanıdılması, təd-qiqi və bu istiqamətdə təbliğat işlərinin həyata keçirilməsi məqsədilə Türk dünya­sı nizamişünas alimlərindən ibarət Bey­nəlxalq Nizami Gəncəvi Elmi-Tədqiqat Cəmiyyəti (ETC) təsis edilib, qurumun fəaliyyət strategiyası qəbul olunub. Cə­miyyətin Azərbaycan, Özbəkistan, Tür­kiyə elm xadimləri və alimlərindən ibarət idarə heyəti yaradılıb. DDÖDƏU-nun professoru Nurbay Cabbarov cəmiyyətin sədri, AMEA-nın Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov icraçı katib seçiliblər.

*** 

Özbəkistandakı Heydər Əliyev adı­na Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “Özbəkis­tan–Azərbaycan” Dostluq Cəmiyyəti­nin (AÖDC) icrası direktoru Erkin Nu­riddinovla görüşüb. 

Söhbət zamanı Azərbaycanla Özbə­kistan arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə dair 2024-cü il üzrə görüləcək işlər müzakirə olunub. Görüşdə ikitərəfli əməkdaşlığın genişlən­dirilməsi, bu il AÖDC nümayəndə heyəti­nin Azərbaycana səfəri, universitetlərimiz arasında əməkdaşlığın genişləndirilməsi, Azərbaycan Dövlət Pedaqoji Universite­ti və Gəncə Dövlət Universiteti ilə birgə layihələrin reallaşdırılması, bu ildən baş­layaraq, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbay­can dili və ədəbiyyatı fənninin tədrisi, bu məqsədlə Azərbaycandan müvafiq pe­daqoqların dəvət olunması, qarşılıqlı mü­hazirələrin keçirilməsi məsələləri diqqət mərkəzində olub. 

Özbəkistanda bu il dövlət səviyyə­sində keçiriləcək Azərbaycan mədəniy­yət günlərinə dair təşkilati işlərin həlli, bu ölkədə Nizami Gəncəvi, Məhəmməd Füzuli və Maqsud Şeyxzadə irsinin təb­liği, onların əsərlərinin tərcümə və nəşr layihələrinin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb, bu tədbirlərin həyata keçirilməsi məsələləri razılaşdırılıb. 

*** 

Özbəkistanın kinematoqrafiya sahəsinin rəhbərləri və əməkdaşla­rına-rejissor, operator və aktyorlara ölkənin yüksək mükafatları təqdim edi­lib. Kinematoqrafiya Agentliyinin (KA) “Kinematoqrafiya fədəkarı” medalı ilə təltif olunanlar arasında Özbəkistan Milli Televiziya və Radio Şirkətinin re­jissoru, tanınmış kinorejissor, soyda­şımız Eldar Məmmədov da var.

Təntənəli yığıncaqda medalı Eldar Məmmədova KA-nin direktoru Firdavs Abduxalikov təqdim edib. Bildirilib ki, El­dar Məmmədov 2023-cü ildə 7 sənədli film çəkib və 12 televiziya verilişi hazırla­yib. Ötən il rejissor Azərbaycanda yara­dıcılıq səfərində olub. Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoye­vin təşəbbüsü ilə inşa olunan 960 nəfər­lik məktəb binasının tikintisi haqqinda “Dostluq rəmzi” adli sənədli film çəkib. O, eyni zamanda, “Azad Şuşa” sənədli filmi­ni ərsəyə gətirib. Eldar Məmmədov 177 sənədli, 30 bədii film və 200-dən çox te­leviziya verilişi hazırlayıb. Eldar Məmmə­dov 2022-ci ildə isə Özbəkistanın “Dost­luq” ordeninə layiq görülüb. 

 

Qulu KƏNGƏRLİ,

XQ-nin xüsusi müxbiri

Daşkənd





Mədəniyyət