Əməkdar artist Aygün Bəylər son mənzilə yola salınıb

post-img

Yanvarın 8-də milli musiqi sənətinin istedadlı nümayəndəsi, Əməkdar artist Aygün Hümbətovanın (Bəylər) cənazəsi son mənzilə yola salınıb.

Mərhumun cənazəsi Suraxanı rayon Səttar Bəhlulzadə adına Mədəniyyət Sa­rayında matəmsayağı bəzədilmiş posta­ment üzərinə qoyulmuşdu.

Salonda həzin matəm musiqisi səslə­nirdi.

Sənətkarın tabutu önünə Azərbayca­nın birinci xanımı, Heydər Əliyev Fondu­nun prezidenti Mehriban Əliyevanın adın­dan əklil qoyulmuşdu. Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.

Aygün Bəylərin yaxınları, sənət dost­ları, tanınmış mədəniyyət və incəsənət xadimlər axın-axın mədəniyyət sarayının binasına gəlir, istedadlı sənətkara son borclarını verirdilər.

Vida mərasimində Mədəniyyət Na­zirliyinin şöbə müdiri Aynur Kərimova Əməkdar artist Aygün Bəylərin yaradı­cılığından danışıb: “Həyatını Azərbay­can musiqi sənətinə həsr etmiş görkəmli sənətkarı son mənzilə yola salırıq. Onun uzun müddətdir xəstəlikdən əziyyət çək­diyini bilirdik. Əməkdar artistin səhhəti ilə əlaqədar məsələlər ötən müddət ərzin­də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, fond tərəfindən nəzarətə götürülmüşdü və müalicəsinə zəruri dəstək göstərilirdi. Müalicəsinə yerli həkimlərlə yanaşı, xarici mütəxəssislərin də cəlb olunduğu Aygün Bəylər bir müddət əvvəl müvafiq müa­yinələrdən keçmək məqsədilə Türkiyəyə getmişdi. Lakin həkimlərin səylərinə baxmayaraq, Aygün Bəylərin səhhətin­də ağırlaşma baş vermiş və müğənninin həyatını xilas etmək mümkün olmamışdır. İnanırıq ki, onun ifaları əbədi yaşayacaq. Allah rəhmət eləsin!”.

Xalq artisti, bəstəkar Aygün Səməd­zadə mərhum sənətkar Aygün Bəylərin vaxtsız dünyadan köçməsinin mədə­niyyətimiz üçün çox ağır itki olduğunu söyləyib: “Bizim onunla çox yaxşı mü­nasibətimiz olub. Mənim mahnılarımı ifa edib. Son dəfə konsertindən əvvəl “Tut ağacı” mahnısı ilə bağlı danışmışdıq. Ay­gün Bəylər haqqında çox danışa bilərəm, amma hazırda çətindir. Onun yerini heç kəs tuta bilməz”.

Xalq artistləri Mənsum İbrahimov, Həmidə Ömərova, Əməkdar incəsənət xadimləri Cavanşir Quliyev, Aqil Məli­kov, Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı, Əməkdar artist Rəşad İlyasov, bəstəkar-pianoçu, Azərbaycan Bəstə­karlar İttifaqının üzvü Pikə Axundova və başqaları vida mərasimində çıxış edərək Aygün Bəylərin Azərbaycan musiqisinə sonsuz sevgisindən, milli musiqi irsimizin yaşadılması və gələcək nəsillərə çatdırıl­ması üçün gördüyü böyük işlərdən danı­şaraq, onunla bağlı xatirələrini bölüşüblər.

Mərhumun ailəsi adından çıxış edən Zümrüd Hümbətova bacısının xatirə­sinə göstərilən hörmət və ehtirama görə Heydər Əliyev Fonduna dərin minnətdar­lığını bildirib.

Sonra sənətkarın cənazəsi son mən­zilə yola salınıb.

Mərhum Suraxanı kənd qəbiristanlı­ğında torpağa tapşırılıb.

ALLAH RƏHMƏT ELƏSIN!

Son xəbərlər