Tolerantlığın fotomənzərəsini yaradan sənətkar

post-img

Etibar Fikrət oğlu Cəfərov Bakıda dünyaya göz açıb. Əvvəllər təbii bitkilərlə hazırlanmış akvarium dizaynı ilə məşğul olub, bir çox beynəlxalq yarışlarda doğma Azərbaycanı uğurla təmsil edib. Amma xarici ölkələrə səfərləri zamanı fotoqrafiyaya böyük marağın olduğunu görüb və o da bu sahəyə meyil salıb. Bu yola çıxınca isə Azərbaycanı bütün dünyada daha layiqli təmsil etməyi qərara alıb. 

2012-ci ildə “Azərbaycanın rəngləri” adlı layihəyə start verən Etibar Cəfərov dogma yurdumuzun memarlığını, milli adət-ənənələrini, mətbəxini foto-kame­ranın yaddaşında əbədiləşdirərək bey­nəlxalq miqyasda təbliğ edib. İlkin olaraq Azərbaycandakı məscidləri çəkib. 10 il müddətində layihəsini tam ərsəyə gətir­məklə, heyrətamiz fotoşəkillərdən ibarət 7 kitab nəşr etdirib. 

Azərbaycanın multikultural və tolerant dövlət olmasına baxmayaraq, düşmənlə­rimiz dünyada belə bir yanlış təsəvvür ya­ratmaq istəyirlər ki, guya, ölkəmizdə milli, dini azlıqlar sıxışdırılır, etnik təmizləməyə rəvac verilir. Etibar Cəfərov buna cavab olaraq, foto-sübutlarla göstərib ki, hər bir xalqın Azərbaycanda öz dinini, adət və ənənələrini qoruyub inkişaf etdirmək imkanı var və onlar burada firavan ya­şayırlar. Onun bütün işlərində xalqımızın qədim mədəniyyətini, qonaqpərvərliyini, müxtəlif millətlərə əziz yurd-yuva olduğu­nu diqqətə çatdırıb. Fotoqraf respublika­nın bölgələrini gəzərək yerli adətləri, milli geyim və digər atributları öz kamerasının yaddaşına köçürüb və dünyanın müxtəlif ölkələrində qatıldı mötəbər sərgilər va­sitəsilə dünyaya yayıb. 

Onun xaricdə fərdi foto sərgiləri də açılıb. Buna misal olaraq, Los-Anceles, Helsinki, Stokholm və s. şəhərlərdəki sərgilərini misal çəkmək olar. Həmin təd­birlərdə təqdim etdiyi kitablar da böyük marağa səbəb olub. Azərbaycanın Al­maniyadakı səfirliyindən Etibar Cəfərova ölkəmizdəki tolerantlıqla bağlı çəkilişlər etmək təklif olunub. İlk olaraq dağ yə­hudilərinin həyat tərzini çəkib, onların adətlərini, dini ibadətlərini dərindən öyrə­nib və yekunda çəkilən fotolardan ibarət “Azərbaycanda yəhudi irsi” adlı kitabını ərsəyə gətirib. 2023-cü ildə Türkiyədə alman və ingilis dillərində çap olunan həmin kitabın Berlində təqdimat mərasi­mi və müəllifin fotolarından ibarət sərgisi böyük uğurla keçib. 

Etibar Cəfərov tolerantlıq mövzu­sunun davamı olaraq Azərbaycandakı xristianları seçib. Hər cür çətinliyə qat­laşaraq, foto-kamerası ilə xaçpərəstliyin müxtəlif qollarına nüfuz etməyə çalışıb. İki illik gərgin əməkdən sonra “Azər­baycanda xristian həyatı” adlı kitabını buraxıb. Ona daha maraqlı gələn etnik qrupların foto çəkilişlərinə isə 2023-cü ilin sonlarında başlayıb. Elə ilk cəhdlərindən ona fərəhlənib ki, ölkəmizdəki müxtəlif etnik qruplardan bəhs edən kitabın hazır­lanmasına avarlar, ingiloylar böyük ma­raq göstərirlər. Onlar öz adət-ənənələrini, milli yeməklərini, geyimlərini fotoqrafa olduğu kimi çatdırır, musiqi və rəqslərini nümayiş etdirib çəkilişlərə ürəklə qatılır və hərtərəfli dəstək olurlar. 

Fotoqraf 10 il müddətində çəkdiyi ən maraqlı kadrlardan, 10 minə yaxın foto­dan 200-ünü seçərək ingilis dilində hazır­ladığı “Azərbaycan multikulturalizminin rəngləri” kitabının nəşrində istifadə edib. Bu kitab Etibar Cəfərovun yaradıcılığının şah əsərinə çevrilib desək, yanılmarıq. Müasir dövrdə informasiya müharibəsi şəraitində tolerantlığı dəstəkləyən, ərazi­sində müxtəlif dinlərə mənsub neçə-neçə xalqın yaşadığı Azərbaycan üçün bu çox önəmli addım sayılır. 

Ziyarət CABAROVA,
sənətşünas, Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi



Mədəniyyət