Ədəbiyyat Fondunun sənətə xidmət missiyası

post-img

Artıq tarixə qovuşmuş 2023-cü ildə məhsuldar çalışmaları ilə seçilən qurumlardan biri də Azərbaycan Ədəbiyyat Fondu olub. 

Azərbaycan Yazıçılar Birliyi (AYB) İdarə heyətinin üzvü, Avrasiya Millətlər As­sambleyası Ədəbiyyat Şu­rasının həmsədri, tanınmış yazıçı Varis Yolçiyev aprel ayında Fonda baş direktor təyin ediləndən sonra orada əsl canlanma yaranmasına nail olunub. İnamla demək olar ki, ədəbiyyatımızın bey­nəlxalq miqyasda təmsil olunmasına, xarici ölkələrdə azərbaycanlı müəlliflərin ki­tablarının nəşrinə, festival və müsabiqələrdə iştirakına dəstəyi, ədəbiyyat festival və forumlarının keçirilməsinə, yazarların maddi şəraitlərinin yaxşılaşdırılmasına xidməti ehtiva edən bu qurum öz adı­nı layiqincə doğruldur. 

Bizimlə söhbətində ötən ilin uğurlarından bəhs edən Varis Yolçuyevin bildirdiyinə görə, Fondun fəaliyyəti ilk növbədə zamanın çağırışla­rına müvafiq olaraq, hazırla­nan layihələrin icrası ilə bağlı olub.

İlk böyük tədbir 2 gün ər­zində Qubada gerçəkləşib. Ölkənin ünlü qələm sahibləri Şahdağın ətəklərində – əs­rarəngiz təbiətin qoynunda toplaşaraq, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda forum keçirib­lər. Konfrans dünya şöhrətli dahi şəxsiyyət Heydər Əli­yevin anadan olmasının 100 illik yubileyinə həsr edilib. Ədəbiyyat Fondunun direkto­runun təqdimatından sonra AYB sədri, Xalq yazıçısı Anar Ulu öndər haqqında özəl xa­tirələrini danışıb. Qeyd edilib ki, Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycan ədə­biyyatı mükəmməl tarixi yol keçərək bugünkü səviyəsinə gəlib çatıb. Forumda maraqlı məruzələr dinlənilib və AYB-nin Heydər Əliyevə həsr etdiyi "Əbədi ömrün 100 ili" kitabı­nın təqdimatı olub. 

Növbəti ayda AMEA-nın Ədəbiyyat İnstitutunda Azər­baycan Ədəbiyyat Fondunun, AMEA-nın, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) və Türk Ağsaqqalları Birli­yinin (TAİB) təşkilatçılığı ilə “Türk dünyasının ortaq ədə­biyyatı” mövzusunda konf­rans keçirilib. “II Türk dünyası Ədəbiyyat və Kitab Festivalı” çərçivəsində baş tutan təd­birdə vurğulanıb ki, Türk dün­yasının ortaq ədəbiyyatının yaradılması həm ilk olaraq bu təşəbbüsdə bulunan Tür­kiyə və Azərbaycanı, həm də sonradan təşəbbüsə qoşulan Özbəkistan, Qırğızıstan və Qazaxıstanı əhatə eləyib. Ha­zırda bu sahədə TÜRKSOY, Beynəlxalq Türk Akademiyası kimi təşkilatlar gərgin əmək sərf edirlər. Ötən ilin əvvəllə­rində Ankarada yaradılan və AYB sədri Anarın fəxri sədrlik etdiyi Türk Xalqları Ədəbiy­yat Birliyinin yaranması isə bu səylərin zəruri nəticəsidir. Konfransda tanınmış türko­loqlar iştirak ediblər. 

“Azərbaycan Ədəbiyya­tı dünya müstəvisində” adlı dinləmə isə noyabrda Bakı Ekspo Mərkəzində Fondun AYB-ni təmsil etdiyi 9-cu Bey­nəlxalq Kitab Sərgisi çərçivə­sində baş tutub. Orada Azər­baycan yazıçılarının kitabları, həmçinin AYB-nin “Ulduz”, “Qobustan”, “Literaturnıy Azerbaydjan”, “Dünya ədə­biyyatı” kimi nəşrləri nümayiş olunub. Yazıçılar gün ərzində öz oxucuları ilə görüşərək, onlar üçün avtoqraflar ya­zıblar. “Xudafərin” təqdimat zonasında keçirilən paneldə maraqlı çıxışlar olub. 

Daha öncə Cəfər Cabbar­lı adına Gənclər Kitabxana­sında Azərbaycan Ədəbiyyat Fondu və “Azərbaycan–Tür­kiyə Sosial Tərəqqiyə Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə “Müharibə dövrü ədəbiy­yatı” mövzusunda dinləmələr keçirilib. Başlıca amil o olub ki, bugünkü zəfərimizin gələ­cək nəsillərə çatdırılmasında müstəsna rol oynayan keyfiy­yətli ədəbi nümunələrin orta­ya qoyulması zəruridir, eləcə də gənclərin vətənpərvərlik ruhunda, torpaqlarımızın bü­tövlüyü uğrunda mübarizə ruhunda tərbiyə olunmasın­da dövlət siyasəti ilə paralel olaraq, milli ədəbiyyatın da mühüm rolu var. Məhz Azər­baycan ədəbiyyatı xalqımızın Vətən müharibəsində tarixi Zəfər qazanmasına mənəvi stimul verib.

Akademik Feyzulla Qa­sımzadənin 125 illiyi müna­sibətilə AMEA ilə birgə kon­frans, Mədəniyyət nazirliyi ilə birgə ədəbiyyatın kinoya transferi mövzusunda din­ləmələr, məşhur “Yazıçı” Nəş­riyyatının fəaliyyətinin bər­pası, Xalq yazıçısı Anarın 85 illiyi münasibətilə “Ulduz” jurnalı ilə birgə hekayə mü­sabiqəsi, Mədəniyyət Nazirliyi ilə “Mütaliə mədəniyyətinin formalaşdırılması” adlı la­yihənin icrası və digər bu kimi tədbirlər ötən təqvim ilinin yaddaqalan səhifələrini təşkil edib.

Onu da qeyd edək ki, sentyabrın əvvəllərində ölkə­mizdə ilk dəfə keçirilən Azər­baycan Dili və Ədəbiyyatı Forumunda Fond yaxından iştirak edib. Forum Ümum­milli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbay­can Milli Elmlər Akademiyası və Şamaxı Rayon İcra Ha­kimiyyətinin dəstəyi ilə ger­çəkləşdirilib. Əhatə dairəsinə və iştirakçı tərkibinə görə ölkəmizdə bir ilk olan forum­da bildirilib ki, milli kodların daşıyıcısı olan dil milli kim­liyin qorunması və gələcək nəsillərə ötürülməsi vasitəsi­dir və onun təəssübünü, ilk növbədə, ədəbiyyat adamları çəkməlidirlər. Ədəbiyyat dilin inkişaf dinamikasına uyğun­laşmalı, dilin inkişaf təmayül­lərini müəyyənləşdirməli və istiqamətləndirməlidir. 

AYB-nin Ədəbiyyat Fon­du bu il də milli mədəniyyəti­mizə, mənəviyyatımızın daha da gücləndirilməsinə xidmət edən bir sıra maraqlı tədbir­lərlə müqəddəs missiyasını davam etdirmək əzmindədir. 

Ə. NƏCƏFXANLI
XQ

Mədəniyyət