Bu günlərdə Azərbaycan Aşıqlar Birliyinin (AAB) “Ozan” elm və sənət toplusunun yeni nömrəsi çapdan çıxıb. Qeyd etmək lazımdır ki, ölkəmizdə ölməz aşıq sənətinin geniş tədqiq olunmasına və inkişafına daim diqqət və qayğı göstərilir. Təsadüfi deyil ki, nəşrin son nömrəsində də bununla bağlı çox sayda fikir və rəylər yer alıb.
Topluda eləcə də AAB-nin sədri, professor Məhərrəm Qasımlının anadan olmasının 65 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin təbrik məktubu, Musa Nəbioğlunun “Alim, şair və ozan ömrünün yetkinlik zirvəsi” və ədəbiyyatşünas alim Qurban Bayramovun “Orxan Paşanın şeiri, qoşa qanadın sehri...” adlı məqalələri dərc olunub.
Bundan başqa, topluda professor Məhərrəm Qasımlının “Usta gözünün saz nuru”, Musa Nəbioğlunun “Sazbəndlik sənəti” və “Ustadlar ustadı Sadıq Sultanov”, Qəndab Əliyevanın “XIX-XX əsrlər Güney aşıqlığından üç ustad: Balovlu Miskin, Miskin Əsəd və Hüseyn Cavan”, Fəridə Kazımovanın “Kitabi-Dədə Qorqud” dastanında epik ifadələrin folklor semantikası”, Qüdrət Umudlunun “Şirvanın ünlü sənətkarı”, Leyla Məmmədovanın “Nənəmin xalçası: ilmələr bizə nə deyir?”, Həzi Həsənlinin “Könül, dolan bu dağları” və “Meydanda mərdi-mərdanə” adlı elmi və elmi-publisistik məqalələri, ustad aşıqlardan Sadıq Sultanov və Məmmədağa Babayevin şeirləri təqdim olunub.
R.QURBANLI
XQ