Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Tofiq Ağababayevin 95 illik yubileyinə və onun yaradıcılıq dünyasına həsr olunmuş “ Zaman və dialoq” adlı sərgi çərçivəsində mühazirə keçirilib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xanım Əsgərova bildirib ki, rəssamın ilk yaradıcılıq illəri şüşə servisləri və keramik əşyalarla bağlıdır: “Onun yaradıcılığının əsasını təşkil edən lirizm şüşə ilə yaratdığı sənət əsərlərində öz əksini tapır. Rəssamın 95 illiyinə həsr olunmuş sərgidə də dəzgah yaradıcılığı ilə yanaşı, şüşədən və keramikadan düzəldilmiş məhsulları da görə bilərik. Bütün bu əl işlərində milli xüsusiyyətlərimizi özündə daşıyan cizgilərin şahidi oluruq.”
X.Əsgərova həmçinin Tofiq Ağababayevin Bakı şəhərinin baş rəssamı olduğu illər barədə söhbət açıb və sənətkarın paytaxtın gözəlləşməsi sahəsində bir çox uğurlu layihələrə imza atdığını söyləyib.
Qeyd edək ki, sərgidə Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xəzər Muzey Mərkəzinin kolleksiyasından rəssamın yaradıcılığının müxtəlif dövrlərində ərsəyə gətirdiyi 50-yə yaxın sənət əsəri nümayiş olunur. Burada, həmçinin təcrübəli fırça ustasının 1960-cı illər yaradıcılığına aid qrafika əsərləri, məşhur “İşığa doğru” tablosu, yüksək bədii ifadə tərzi ilə seçilən keramika nümunələri, milli folklor nümunələrini özündə əks etdirən “Döyüş”, “Xalçasayağı”, “Dəvə” və digər əsərləri sərgilənir. Sərgi Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Fidan SALMANOVA
XQ