Muzeylərimiz dünənimizi yaşadır

post-img

Tarixə qovuşmuş 2023-cü il Azərbaycan muzeylərində həyata keçirilən bir sıra layihələrlə əlamətdar olub.

İlk növbədə, qeyd edilməlidir ki, Azər­baycan Milli Xalça Muzeyində ötən il xey­li tematik ekskursiya, mühazirə, kitab təqdimatı, ustad dərsləri ilə yadda qalıb. Bu baxımdan “Heydər Əliyev İli” ilə bağlı Ümummilli liderə həsr olunmuş “Mədə­niyyətlərarası dialoq və etnik özünəməx­susluq” mövzusunda beynəlxalq elmi konfransı və “Tarixin salnaməsi” adlı sərgini göstərmək olar. Daha bir mühüm hadisə isə 31 ildən sonra Şuşa şəhərin­də muzeyin filialının fəaliyyətinin bərpa­sı, nadir Qarabağ xalça nümunələrinin yenidən doğma diyarda sərgilənməsidir. Həmçinin muzey bu il peşəkarların rəylə­ri əsasında verilən “Ekspertlərin seçimi mükafatı”na layiq görülüb. 

Azərbaycan Milli İncəsənət Muzeyin­də “Heydər Əliyev – 100: sevimli əsər­lər”, “Türkiyə–Azərbaycan qardaşlığı: Anadoludan əsintilər”, “Mədəni yadda­şımızda Qərbi Azərbaycan”, “Miniatür­sayağı”,“Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından”, və “Zamanla dialoq” sərgiləri maraqla qarşılanıb.

Milli Azərbaycan Tarixi Muzeyində 2021-ci ildə yaradılan Vətən müharibəsi fondunun zənginləşdirilməsi istiqamətin­də il ərzində işlər davam etdirilib. Muzeyi ümumilikdə 12 400 nəfər ziyarət edib ki, onların da 5100-ü xarici qonaqlar olub. 

Nizami Gəncəvi adına Milli Azərbay­can Ədəbiyyatı Muzeyində hər il olduğu kimi, görkəmli şəxsiyyətlərin yubileylə­ri, əlamətdar hadisələrlə bağlı tədbirlər, konfranslar, seminarlar təşkil olunub. S.Urməvinin 825, Ə.Marağayinin 670, M.M.Nəvvabın 190 illiyinə həsr edilən “Klassik Şərq və Azərbaycan poeziyası və musiqisinin mədəniyyətlərarası səs­ləşmənin “İpək yolu kimi” mövzusunda beynəlxalq konfrans, Ümummilli liderin 100 illik yubileyi çərçivəsində “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” möv­zusunda respublika konfransı, “Mən azərbaycanlıyam” adlı ədəbi-musiqili gecə, həmçinin peşəkar milli teatrın 150 illiyi ilə əlaqədar “Azərbaycan dramatur­giyası və Azərbaycan milli teatrı” mövzu­sunda elmi konfrans keçirilib. 

İl ərzində Azərbaycan Musiqi Mədə­niyyəti Dövlət Muzeyində, onun filialla­rında və muzeydən kənarda ümumi 55 tədbir keçirilib. “Gənclərə dəstək layihəsi” çərçivəsində Azərbaycan Dövlət Mədə­niyyət və İncəsənət Universiteti və Ü.Ha­cıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə “Fortepiano musiqisi axşamı”, “XX əsrin musiqisi”, “Bir çərşənbə axşamı”, “Bahar gəlir”, “Gitara musiqisi axşamı” adlı konsertlər təşkil olunub. Tədbirlərdə qonaqlara mövzular üzrə ekspozisiyada nümayiş olunmayan, arxiv materialları əsasında hazırlanmış slayd-şoular va­sitəsilə muzeyin zəngin fondları ilə tanış olmaq imkanı yaradılıb.

İstiqlal Muzeyində “Ürəklərdə ya­şayan dahi şəxsiyyət” adlı ədəbi-bədii tədbir, “Millətə adanmış ömür” adlı təd­bir-sərgi maraqla qarşılanıb. Burada, həmçinin ziyarətçilər üçün Azərbaycan, rus və ingilis dillərində 330 ekskursiya təşkil olunub. C.Cabbarlı adına Azər­baycan Dövlət Teatr Muzeyində əlamət­dar mədəniyyət hadisələri, yubileylərlə bağlı müxtəlif tədbirlər keçirilib. “Heydər Əliyev və Azərbaycan” adlı layihə uğur­la həyata keçirib. Ölkəmizdə keçirilən I Beynəlxalq TÜRKSOY Teatr Festivalı ilə bağlı rəssamların tamaşalara çəkdikləri dekorasiya və geyim eskizlərindən ibarət “Eskizdən səhnəyə” adlı səyyar sərgi ilə də çoxsaylı ziyarətçilər tanış olublar. 

XQ

Mədəniyyət