Özləri getdilər, sənətləri qaldı

post-img

Yeni ilin ilk həftəsində Əməkdar artistlər – ustad qarmon ifaçısı Gülbahar Şükürlü və populyar müğənni Aygün Hümbətova (Bəylər) dünyalarını dəyişiblər. Mədəniyyət Nazirliyinin kollektivi və mədəniyyət ictimaiyyəti adından ötən günlərdə sənətkarların vəfatından kədər ifadə olundu, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verildi. 

Özlərinə məxsus ifaları ilə musiqi­sevərlərin rəğbətini qazanan 62 yaşlı qarmon ustası da, 48 yaşlı müğənni də əsrin bəlası sayılan xərçəng xəstəliyin­dən dünyalarını dəyişiblər. 

Gülbahar Şükürlü əvvəllər Xalq ar­tistləri Mələkxanım Əyyubova, Səkinə İs­mayılova və Zöhrə Abdullayeva ilə birgə el şənliklərində, məclislərdə çıxış edərək ürəklərə yol tapmışdı. 1993-cü ildə Zöh­rə xanımın təkidi ilə efirə çıxaraq Azər­baycan televiziyasında 30 dəqiqəlik solo konsertlə böyük sənətkar olduğunu sübut etmişdi. Gül ətirli ifaları ilə bahar ovqatı yaradan ifaçı 13 il əvvəl ona məxsus rəqs havalarının və “Könül sındırmışam” mahnısına çəkdirdiyi klipinin yer aldığı “Azərbaycan” adlı kompakt diskini sənət­sevərlərə təqdim etmişdi. Korifey sənət­kar Ramiz Mirişlinin həmin mahnısına virtuoz ifa ilə yeni nəfəs verən Gülbahar xanımın klipində onun tərəf müqabili də məhz bəstəkarın özü olmuşdu.

Unudulmaz xanım sənətkar “Aytac”,”­Rusifi”, “Ləman” (övladlarının adlarıdır), “Rəvanə” kimi populyar rəqslərin müəllifi idi. Yaradıcılıq dövrü ərzində Gülbahar xanımın 4 albomu işıq üzü görüb. İste­dadlı yetirmələri var.

Azərbaycan sevgisindən danışan sənətkar müsahibələrinin birində demiş­di: ”Ürəyim musiqi ilə döyünür. Bu döyün­tü Vətənimi sevməyimdən qaynaqlanır. Mən Azərbaycandan başqa heç bir ölkə­də yaradıcı işlə məşğul ola bilmərəm”. 

Xalq artisti Nazpəri Dostəliyeva illər öncə mahir qarmon ifaçısını özünə doğ­ma bacı bildiyini, onun barmaqlarının qızıl olduğunu demişdi: “Fəxr edirəm ki, sənət dünyasında özümə Gülbahar kimi bacı qazanmışam…” 

O, hər zaman müsbət aura yaradan sənətkar olub. Bu barədə söz düşəndə isə xarakterinin fərqli tərəfini önə çə­kib: “Efirlərdə ruh yüksəkliyi ilə qaynar ifamı görənlər, bəlkə də, düşünürlər ki, qəm-kədərin nə olduğunu bilmirəm. Əs­lində, çox kövrək insanam. Gözlərimin yaşı ovcumun içindədir”. Elə sənətkarı sevənlər də qara xəbərini göz yaşları ilə qarşıladılar…

Aygün Hümbətova isə ilkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədə­niyyət sarayının musiqi məktəbində na­ğara sinfi üzrə almış, sonradan oxuma­ğa başlamışdı. 1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan ifaçının sənət ta­leyində yeni səhifə açılmışdı. O, görkəmli sənətkarlar Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcə də Alim Qasımovdan muğamın in­cəliklərini öyrənmişdi. “Tut ağacı”, “Sən mənim ruhumun qida yerisən” mahnısını necə ürəklə oxuduğu yaddaşlara həkk olunmuşdu. 

2005 ildə beynəlxalq Səmərqənd folklor festivalında folk-muğam triosunun müşaiyəti ilə çıxış edən Aygun xanım Azərbaycan muğam məktəbini uğurla təmsil edərək 1-ci mükafata layiq görül­müşdü. Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Hollandiya, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka və digər ölkələrdə solo konsertlərlə çıxışlar edib, festivallarının daimi iştirakçısı olub. Yaxşı xatırlayırıq ki, Aygün Bəylər televiziyada “Yenə o bağ olaydı” adlı müəllif proqramıyla efirə çıxır, çağdaş musiqi ilə bağlı duyğu və düşün­cələrini paylaşır, böyük sənətkarların ya­radıcılığına bugünümüzdən işıq tuturdu.

Bir neçə il əvvəl Dünya Azərbaycan­lılarının Həmrəyliyi Günündə Heydər Əliyev Sarayında o, “Xatirədir” adlı kon­sert proqramı ilə çıxış etmişdi. Bəstə­kar mahnılarını, eləcə də “Bayatı-kürd” muğamını dəsgah şəklində ustalıqla ifa edərək, nadir səsi və oxu tərzi sənət­sevərlərin alqışları ilə müşayiət olunmuş­du. Ötən ilin sonunda – dekabrin 26-da yenə də həmin sarayda Aygün Bəylərin son konserti oldu və Ulu öndərin sevimli mahnılarını, həmçinin özünün “Mehriba­ni” simfonik muğamını “Cadenza” orkest­rinin müşayiəti ilə təqdim etdi. Özü də ge­cədən yığılan vəsait “YAŞAT” Fonduna ianə ediləcəkdi. Amma yardıma ehtiyacı olanları yaşatmağa kömək etmək istəyən müğənni özü konsertdən bir neçə gün sonra həyata əlvida dedi… 

Əməkdar artist Aybəniz Haşımovanın Aygün haqqında dedikləri: “Heyf, onun gəncliyinə, yarımçıq qalan arzularına, mərdliyinə, oxuyan gözəl ürəyinə. Heyf, susan səsinə. O səs nələr söylədi. Bülbül susanda insana dözülməz olur". 

Aygün xanım sənətinin lap dərinliklə­rinə baş vurmaq üçün Musiqi Akademi­yasının yeni açılan simfonik dirijorluq və bəstəkarlıq fakultəsinə də daxil olmuşdu. Bu il oranı bitirəcəkdi, təəssüf ki... 

Bəli, sevimli sənətkarlar bizi cismən tərk etsələr də, gözəl ifaları ilə daim xa­tırlanacaqlar. 

Ə.DOSTƏLİ
XQ

 



Mədəniyyət