Pakistanda “Xarıbülbül əfsanəsi” sənədli filmi nümayiş olunub

post-img

Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin Milli Müasir Dillər Universitetində Azərbaycann İsveçdəki səfirliyinin təşəbbüsü, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının və Mədəniyyət Nazirliyinin dəstəyi ilə lentə alınmış "Xarıbülbül əfsanəsi" sənədli filmini nümayiş etdirib.

Tədbirdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səfirləri və səfirlik əməkdaşları, universitet rəhbərliyi, eləcə də tələbələr iştirak ediblər.

Filmin nümayişindən öncə səfir Xəzər Fərhadov çıxış edərək qədim Şuşa barədə söhbət açıb və bu şəhərin Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu vurğulayıb. Səfir Şuşanın Azərbaycan musiqisinin beşiyi olduğunu qeyd edib və 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” və 2024-cü il üçün “İslam dünyasının paytaxtı” elan edildiyini diqqətə çatdırıb.

X.Fərhadov çıxışında “Xarıbülbül” gülündən danışaraq həmin gülün Qarabağ ərazisində, xüsusilə Şuşa ətrafında bitdiyini ifadə edib və Qarabağın işğaldan azad edilməsi ilə “Xarıbülbül”ün azadlıq və zəfər rəmzinə çevrildiyini diqqətə çatdırıb.

Daha sonra “Xarıbülbül əfsanəsi” sənədli filmi nümayiş olunub.

Filmin nümayişindən sonra qonaqlar Milli Müasir Dillər Universitetində (NUML) fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti

Mərkəzi ilə tanış olublar və NUML-da Azərbaycanla bağlı keçirilən tədbirlərin təşkilində Mərkəzin yaxından iştirakı yüksək qiymətləndirilib.

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

İslamabad      

 





Mədəniyyət