Özbəkistanın Kokand şəhərindəki Beynəlxalq Sənətkarlıq Muzeyində Azərbaycan milli stendinin açılışı olub

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Fərqanə vilayətinin Kokand şəhərindəki Beynəlxalq Sənətkarlıq muzeyində Azərbaycan əl sənətinə aid daimi stendin açılışı olub.

Tədbirdə Fərqanə vilayət hakimiyyətinin rəhbərlərii, Kokand şəhər hakimi, ictimaiyyət nümayəndələri, ziyalılar, ali məktəb tələbələri və jurnalistlər iştirak edib. 

Tədbiri giriş sözü ilə açan Kokand şəhər hakimi Maruf Usmanov Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli münasibətlər, son zamanlar inkişaf edən əlaqələrimizdən danışıb. O, Kokand  şəhərinin qədim tarixi, burada əl işi sənətinin geniş inkişaf etdiyi haqqında məlumat verib və iki ildən bir şəhərdə keçirilən Beynəlxalq Əl Sənəti Festivalına  dünyanın 70-dən çox ölkəsinin sənətkarlarının qatıldığını bildirib.

Hakim bundan sonra muzeydə Azərbaycan əl sənətinə aid eksponatların da daimi olaraq nümayiş etdiriləcəyini deyib. 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov dövlətlərimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, mədəni əlaqələrin genişlənməsi istiqamətində görülən işlərdən danışıb. O, «Heydər Əliyev ili» münasibəti ilə Özbəkistanın Kokand şəhərində yaradılan muzeydə Azərbaycan əl sənətinə dair eksponatların nümayiş etdirilməsinin milli mədəniyyətimizin geniş təbliğinə şərait yaradacağını bildirib. 

Direktor Özbəkistanın Fərqanə vilayətinin iki şəhəri - Kokandla Şəkinin, Riştanla  İsmayıllınin  qardaşlaşdığını qeyd edib, bunun Özbəkistanın bu vilayəti ilə Azərbaycan şəhərləri arasında əlaqələrin inkişafına müsbət təsir edəcəyini vurğulayıb.

Kokanddakı Beynəlxalq Sənətkarlıq Muzeyinin direktoru Xeyrulla Zakirov və  “Hunarmand” (Əl sənəti) Assosiasiyasının Fərqanə vilayəti üzrə rəhbəri Rəsul Mirzaahmedov muzeydə yaradılan stenddə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, sənətkarların istedadını nümayiş etdirən əl işləri, digər eksponatların daim göstərilməsinin qardaşlığımızın nümunəsi olduğunu bildiriblər. 

Sonra milli stendə baxış keçirilib.  Burada Azərbaycan xalçası, kəlağayılar, tikmə sənətinə aid işlər, ağac üzərində oyma ilə hazırlanan əl işləri sərgilənir. 

AMM tərəfindən stendə yaşı 130 il  olan  Qarabağ xalçası, xalqımıza məxsus ən qədim tikmə növü olan təkəlduz, ipəkdən hazırlanan qadın baş geyimi – kəlağayılar, ağac üzərində oyma ilə hazırlanan, İçərişəhərin və Şuşa qalasının görüntülərini əks etdirən tablolar, Azərbaycan bayrağının əks olunduğu xəritəmiz, milli geyimdə kuklalar, milli naxışlarla bəzədilən və xalqımızın çay mədəniyyətini əks etdirən eksponatlar, xüsusi dizayn ilə misdən hazırlanan qədim çırağın maketi və başqa eksponatlar hədiyyə olunub.

Bundan başqa, milli stendimizdə ulu öndər Heydər Əliyevin ağac üzərində rəsmi və imzası, Azərbaycan milli musiqi alətləri və rəqsləri, xalq oyunları-pəhləvanlıq sənəti, xalça toxuyan Azərbaycan qadını, muğam ifa edən üçlüyü əks etdirən ağac və plastikdən hazırlanan xüsusi maketlər nümayiş etdirilir.

Sərgidə Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan və s. özbək dilinə tərcümə olunan əsərləri də diqqət çəkir.

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Kokand       













Mədəniyyət