Misir Prezidentinin keçmiş müşaviri: Azərbaycanın COP29 iqlim sammitini ən yüksək səviyyədə keçirəcəyinə əminəm

post-img

Son illər beynəlxalq arenada böyük nüfuz qazanmış, Qoşulmama Hərəkatında uğurlu sədrlik edən Azərbaycan Respublikasının BMT-nin COP29 iqlim sammitini də ən yüksək səviyyədə keçirəcəyinə əminəm.

Bu fikirləri Misir Prezidentinin keçmiş müşaviri, siyasi analitik, Afrika və Asiya Yazıçıları Birliyinin baş katibi Əhməd Əl-Müslümani ölkəmizin Misirdəki səfiri Elxan Poluxov ilə görüşündə söyləyib.

Əl-Müslümani görüşdən sonra deyib: “Dost ölkənin səfiri Elxan Poluxov ilə Birliyimiz və Azərbaycanın mədəniyyət xadimləri və ziyalıları, o cümlədən yazıçıları arasında əlaqələrin perspektivlərini müzakirə etdik. Azərbaycan ötən illərdə Qoşulmama Hərəkatında uğurlu sədrlik edib və əminəm ki, 2024-cü ildə keçiriləcək COP29 iqlim sammitini də ən yüksək səviyyədə keçirəcək”.

Afrika və Asiya Yazıçıları Birliyinin baş katibi qeyd edib ki, onun rəhbərlik etdiyi qurum Azərbaycanın uyğun hökumət strukturları və yaradıcılıq təşkilatları ilə ədəbiyyat, elm və intellektual sahələrdə sıx əməkdaşlıq etmək istəyir.

O əlavə edib ki, 1958-ci ildə Şri-Lankada təsis edilmiş Afrika və Asiya Yazıçıları Birliyinin təsis qurultayı Türkiyədə keçirilib. 2013-cü ildə Latın Amerikası ölkələrinin yaradıcı birlikləri də bu təşkilata qoşulub. Onun üzvlərinin arasında Yaxın və Uzaq Şərq ölkələrinin tanınmış yazıçıları və ictimai xadimləri var.

Sosial həyat