Astanadakı Beynəlxalq Türk Akademiyası (BTA) Qumilyov adına Avrasiya Milli Universiteti (AMU) ilə birgə tanınmış türkoloq, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun 100 illiyi ilə bağlı “Akademik Ziya Bünyadov və onun türkologiya elminə verdiyi töhfə” adlı konfrans keçirib.
BTA-nın prezidenti, akademik Şahin Mustafayev konfransın açılışında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu ilin sentyabr ayında Ziya Bünyadovun anadan olmasının 100 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb və bundan sonra yubiley tədbirlərinə start verilib. O deyib ki, mənim elmə bağlanmağımda müəllimim, hərtərəfli şəxsiyyət olan Ziya Bünyadovun əvəzsiz rolu danılmazdır. Ş.Mustafayev qeyd edib ki, bütün ömrünü elmə həsr edən böyük alim Ziya Bünyadov Azərbaycanda orta əsrlər tarixinin təməlini qoyanlardan biridir. Onun yazdığı üç monoqrafiyanın hər biri qızıl fondda saxlanılır. Bundan başqa o, hərbi zabit, cəsur qəhrəman, görkəmli ictimai xadim və vətənpərvərlik nümunəsidir. Onun özünəməxsus yumoru, ədəbiyyatdakı rolu, ağacdan heykəllər düzəltmək bacarığı haqqında da danışmaq olar.
Qazaxıstan parlamenti Senatının deputatı, akademik Darxan Kadırəli qeyd edib ki, Ziya Bünyadov təkcə döyüşdə yox, Türk mənəviyyatının müdafiəsində də qəhrəmanlıq göstərib.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Ziya Bünyadovun müharibə illərindəki şücaətindan danışaraq deyib ki, o, müharibədən sonrakı illərdə elmin inkişafına böyük töhfələr verib və bu, dövlət tərəfindən yüksək qiymətləndirilib.
Sonra konfransda “Mərkəzi Asiyanın qədim türk yazılı abidələri” toplusunun təqdimatı olub. Bu kitab Ziya Bünyadovun 100 illiyi münasibəti ilə xüsusi olaraq hazırlanıb. Türk Akademiyasının Daşkənddəki Mərkəzi Asiya Beynəlxalq İnstitutu ilə birgə hazırladığı topluda ilk dəfə olaraq tanınmış türkoloqun yazılı irsi haqqında türk dilində seçilmiş məqalələr yer alıb.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun şöbə müdiri, akademik Nərgiz Axundova, AMEA Ziiya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri Fərda Əsədov, bu institutun əməkdaşı Zemfira Qurbanova, Özbəkistan Elmlər Akademiyası Milli Arxeologiya Mərkəzinin professoru Bəxtiyar Babacanov, AMU-nun prorektoru Janan Kurmanqaliyeva, həmin institutun professoru Samal Tuleubayeva və başqaları Ziya Bünyadovu böyük alim, Vətən müharibəsi qəhrəmanı kimi xarakterizə ediblər.
Çıxış edənlər Ziya Bünyadovun Qafqaz və Mərkəzi Asiyanın milli şərqşünaslıq məktəbinin formalaşmasındakı böyük rolundan danışıblar.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Astana