Səhnəmizin Ərəbzəngisi

post-img

Gülxar Həsənova – 105

Şərqdə ilk opera yazan qadın-bəstəkar, Xalq artisti Şəfiqə Axundova mətbuata açıqlamalarından birində deyib: "Bir dəfə tanınmış şəxsiyyətlərlə bərabər, Üzeyir bəylə mən də "Şah İsmayıl” operasına tamaşa edirdik. Ərəbzəngini Gülxar oynayırdı. Böyük həvəslə baxırdıq. İnandırım sizi, zalda o qədər sakitlik var idi ki, elə bil kimsə yox idi. Tamaşadan sonra Üzeyir bəy başını bulayaraq dedi: "Bu qız Ərəbzəngini necə oynayırsa, mən yadımdan çıxarıram ki, bu, Gülxardır. Elə bilirəm ki, hansısa bir kişi müğənnidir. Halaldır ona”.  

Söhbət opera müğənnisi, "Şöhrət", “Şərəf nişanı” ordenli, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuş Gülxar Həsənovadan gedir. 

Gülxar xanım 1918-ci il dekabrın 10-da Şəmkir rayonunun Bayramlı kəndində bəy ailəsində anadan olub. Valideynləri onu həkim görmək istəyirdilər. Bu məqsədlə  onu Bakıya, xalasıgilə gətirirlər. Gülxar imtahanlardan yüksək qiymət alaraq tibb texnikumuna qəbul olunur. Ancaq musiqiyə olan istəyi, həvəsi bir an da olsun onu tərk etmir. Buna görə də özfəaliyyət dərnəyinə yazılır. Burada dövrünün məşhur tarzənlərindən Məmmədxan Bakıxanovun "Qızlar ansamblı”na dəvət alır. Nəfəsli alətlərin ifaçılığı ilə yanaşı, yaxşı səsi olduğu üçün xalq mahnıları da oxuyur.

Gülxar tibb texnikumunu bitirdikdən sonra N.Nərimanov adına Tibb İnstitutuna qəbul olunur. Ancaq “Xalq düşməni”nin ailə üzvü olduğu üçün onu institutdan xaric edirlər. Çünki, qohumu Həmid Sultanov və onun həyat yoldaşı Ayna Sultanovanı həbsə atmışdılar, atasını, qardaşlarını təqib edirdilər. 

Qızının taleyindən narahat olan İbrahim ağa gizli yolla ona başqa bir doğum şəhadətnaməsi yazdırır. 

Bakı Teatr Texnikumuna qəbul olunan Gülxar həm də Gənc Tamaşaçılar Teatrında işə düzəlir. Az sonra səhnədə onun çıxışını izləyən  Üzeyir bəy təkidlə Gülxarı Opera Teatrına dəvət edir. Gülxar xanım 1942-ci ildən 1980-ci ­ilədək Azərbaycan Opera və Balet Teatrının solisti olur. "Leyli və Məcnun”da Leyli və Leylinin anası, "Əsli və Kərəm”də Əsli, "Koroğlu”da xanəndə qız, "Aşıq Qərib”də Şahsənəm, "Şah İsmayıl”da Ərəbzəngi, "Bahadur və Sona”da Təravət xanım, "Arşın mal alan”da Telli, "Vaqif”də Qarı, "Gəlin qayası”nda Ana kimi yaddaqalan obrazlar yaradır.

Eyni zamanda, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirir. 1980-ci ildən isə Gənc Tamaşaçılar Teatrının məşqçi-­pedaqoqu kimi çalışır. Amma  mütəxəssislər Gülxar xanımın opera sənəti tarixində bənzərsiz Ərəbzəngi olduğunu xüsusi vurğulayırlar. O, soprano səs ­tembri ilə parlaq koloritli bir obraz yaradıb, muğam, xalq mahnı və təsniflərimizi özünəməxsus ifa edib. 

Gülxar xanımla uzun illər bir yerdə çalışmış tarzən Elxan Mansurov:

–Onu əksər rollarında mən müşayiət etmişəm. Çox güclü səsi var idi. Ərəbzənginin əvəzsiz ifaçısı idi. Atam Bəhram Mansurovla da çox işləyib. Müharibədə əsgərlər qarşısında çıxış ediblər. Sənət fədaisi idi. Həyat yoldaşını, oğlunu itirdi, amma sınmadı, güclü qadın idi. Səsindən başqa, aktyorluğu da yüksək səviyyədə olub. Şəfiqə Axundova “Gəlin qayası” operasını hazırlayanda ona çox kömək edib. 

Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev:

– Fəxr edirəm ki, Gülxar xanımla bir yerdə işləmişəm. Sağlığında yubileyinin rejissoru və aparıcısı olmuşam. Sonra da 100 illik yubileyini də mən hazırlamışam. Opera sənətində onun özünəməxsus yeri var. Ən çox yadımda Ərəbzəngi kimi qalıb. O obrazda gözlərindən bir cəngavərlik oxunurdu.  Səhnəyə vurğun adam idi, pedaqoq kimi fəaliyyəti də çox uğurlu olub. Oynadığı obrazları yeni gələn ifaçılara həvəslə öyrədirdi. Dünyasını dəyişənə qədər teatrdan ayağını çəkmədi, təqaüddə olsa da, gəlib-gedirdi. Allah rəhmət eləsin.  

Gülxar Həsənovanın ailəsi də teatr truppasını xatırladırdı. O, aktyor Ağadadaş Qurbanovun həyat yoldaşı, Hamlet Qurbanovun anası, aktrisa Gülşən Qurbanovanın isə ögey anası idi. Böyük sənətkar  2005-ci il martın 31-də 87 yaşında dünyasını dəyişib. 

Ramilə QURBANLI 
XQ

 

Mədəniyyət