Kitab rəfi

post-img

“Ayrılmaz yollar” 

Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın yeni kitabı belə adlanır.  

Müəllif yeni toplusuna  müxtəlif ədəbi nəsillərə aid yazdığı məqalələrini,  məktublarını  və xatirələrini toplayıb. Barat Vüsalın qənaətinə görə, kitabda haqqında söhbət açılanlar eyni bir yolun ayrılmaz yolçuları, bir ocağın övladlarıdırlar. Yazılarda “ömrü söz uğrunda girov qoyan” qələm sahiblərindən böyük məhəbbətlə söhbət açılır, hər birinin yaradıcılıq məziyyətləri məharətlə çözələnir.  

 “Ay Laçın, can Laçın”  

Tanınmış iş adamı, şair Xuraman Muradova Ankara şəhərində Anadolu türkəcində çap olunmuş kitabına ad olaraq məşhur mahnının sözlərini seçib:   “Ay Laçın, can Laçın”.  

Toplu “Gülnar yayınları” nəşriyyatında ərsəyə gəlib. Əksər şeirlərdə müəllifin vətənpərvərlik duyğuları öz əksini tapıb. Şair 28 illik işığaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, o cümlədən Laçın rayonu ilə bağlı poetik fikirlərini ipə-sapa düzüb. Xatırladaq ki, bu, şairin 2-ci kitabıdır.  Əvvəlki toplu “Sənə məktub yazacam...” adlanır.   

“Teatr, zaman və məkan” 

Teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyevin sənət haqqında növbəti  monoqrafiyası Gəncə Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist, “Qızıl Dərviş” mükafatı lauretı Ramiz Vəliyevin sənət yolundan bəhs edir. 

Ömrünün 50 ilini səhnə fəaliyyətinə həsr edən aktyorun yaratmış olduğu obrazlar qalereyası, onun fərdi sənətçi keyfiyyətləri sərf-nəzər olunmaqla bərabər, teatr haqqında maraqlı ­fikirlərinə də monoqrafiyada geniş yer verilib. “STAR Çap Evi”ndə nəşr olunan kitabın elmi redaktoru fəlsəfə doktoru İmran Axundov, redaktorları isə Sailə Məhərrəmqızı və Fuad Cavadzadədir.

Bir kitab – iki poema

Şair-publisist Əlirza Xələflinin yenicə çapdan çıxmış “Yaddaş yanğısı” kitabına işğal dağıntılarına məruz qalmış yurd yerlərinin ürək göynədən acı mənzərələrini əks etdirən iki əsəri – “Yaddaş yanğısı” və “Bir Xələfli var imiş” poemaları daxil edilib.

Tarixi məzmun daşıyan bu əsərlər məkan və zaman əlaqələri ilə biri digərini tamamlayır. Kitabın redaktoru filologiya elmləri üzrə fəlsəfə doktoru, yazıçı-publisist Tariyel Abbaslının nəşrə yazdığı “Sözün yanğı yolu” adlı “Ön söz”də Əli Rza Xələflinin usta yazı manerasına diqqət cəlb edilir və yurd yeri düşüncələri ilə yazılmış əsəri müəllif haqlı olaraq poema-esse adlandırıb. 

 

Ə.DOSTƏLİ 
XQ

 

Mədəniyyət