Dilçi alimlərimizin Daşkənd görüşləri

post-img

Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nümayəndələri Özbəkistanda səfərdədir. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəvəti ilə qardaş ölkəyə gələn qonaqlar əvvəl Ümummilli lider Heydər Əliyevin AMM-nin qarşısındakı abidəsi və Şəhidlər abidə kompleksinə gül dəstələri qoyublar.

Mərkəzdəki görüş zamanı AMM-nin direktoru Samir Abbasov burada görülən işlər haqqında ətraflı məlumat verib. Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatının təbliği ilə bağlı çoxsaylı sərgi, konsert və konfransların təşkil olunduğu, 100-dən artıq nəşrin özbək dilinə tərcümə edildiyi vurğulanıb. Azərbaycan dilinin Özbəkistanda təbliği və tədrisinin AMM-nin əsas prioritetlərindən olduğu qeyd edilib. Bu  məqsədlə Mədəniyyət Mərkəzində dil kurslarının yaradıldığı, lüğət, danışıq kitabçaları, dərs vəsaitlərinin nəşr edildiyi bildirilib, elektron platformada tədris və digər layihələrdən söz açılıb.  

Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva rəhbərlik etdiyi təşkilatın fəaliyyəti ilə bağlı geniş məlumat verib.   O, Azərbaycan dilinin populyarlaşdırılması, tədrisi və dil normalarının qorunması sahəsində Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıb. 

Sonra qonaqlar Azərbaycan Mədəniyyət Mərkəzində yaradılmış Heydər Əliyev Muzeyi, Azərbaycan mədəniyyəti və Dövlətçilik Tarixi Muzeyi, Azərbaycan–Özbəkistan Dostluq Muzeyi, Azərbaycan xalçaları muzeyi ilə tanış olublar.

 

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Daşkənd

 

Mədəniyyət