“Bir qucaq qayğı” festivalı keçirilib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasının 5 illiyi münasibətilə “Bir qucaq qayğı” festivalı keçirilib.

Tədbir yubiley xarakteri daşımaqla yanaşı, uşaqların isti ailə mühitində böyüməsinin önəmini vurğulamaq məqsədilə təşkil olunub.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev son illər sosial sahədə həyata keçirilən genişmiqyaslı islahatlar haqqında məlumat verib. O, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həssas əhali qruplarına, xüsusilə də uşaqlara göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Millət vəkili Mehriban Vəliyeva uşaqların cəmiyyətə inteqrasiyasında sosial dəstək tədbirlərinin mühüm rol oynadığını bildirib. Xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı təmin olunan bu kimi tədbirlərin əhəmiyyətini qeyd edib.

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun ötən dövrdə həssas əhali qruplarından olan şəxslərin sosial xidmətlərlə təmin edilməsi istiqamətində gördüyü işləri, həyata keçirdiyi layihələri diqqətə çatdırıb.

“Bir qucaq qayğı” festivalının məqsədi dövlət qayğısı ilə əhatə olunmuş uşaqların cəmiyyətə inteqrasiyasını təşviq etmək, onların bacarıq və istedadlarını nümayiş etdirmək olub. Tədbirdə Agentliyin müxtəlif sosial xidmət müəssisələrinin azyaşlı sakinləri və digər benefisiarları çıxış ediblər. Onların ifasında bir-birindən gözəl mahnılar və rəqs nümunələri təqdim olunub.

Maraqlı anlarla yadda qalan festivalda dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər, benefisiarlar, eləcə də sənət adamları iştirak ediblər. Xalq artisti Faiq Ağayev, müğənni Murad Arif və digər sənətçilərin çıxışları tədbirə xüsusi rəng qatıb, uşaqların sevincini daha da artırıb.

Festival çərçivəsində benefisiarların əl işlərindən ibarət sərgi təşkil olunub, interaktiv guşələr, master-klasslar həyata keçirilib. Agentliyin müxtəlif xidmət istiqamətlərinə həsr olunmuş guşələrdə 5 il ərzində görülən işlər, təqdim edilən xidmətlər barədə ətraflı məlumat verilib.



































Mədəniyyət