Səmərqənddə keçirilən beynəlxalq konqresdə Azərbaycan alimləri də iştirak edib

post-img

     Qədim Səmərqənd şəhərində Özbəkistanın mədəni irsinin öyrənilməsi, qorunması və populyarlaşdırılması üzrə Ümumdünya Cəmiyyətinin (ÜC) “Özbəkistanın mədəni irsi-yeni Renessansın təməli” adlı VII beynəlxalq konqresi keçirilib.

     Tədbirdə dünyanın 40 ölkəsindən gələn 300-dən çox ekspert, habelə beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.  

     Konqresin açılışında ÜC idarə heyətinin sədri Firdavs Abduxalikov, Astanadakı Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, TÜRKSOY-un Baş katibi Sultan Rayev, ABŞ-dakı Mərkəzi Asiya və Qafqaz İnstitutunun sədri Frederik Starr və başqaları çıxış ediblər. 

     Şahin Mustafayev öz çıxışında qeyd edib ki, Mərkəzi Asiya mədəni-tarixi fenomeni əsrlərlə və minilliklərlə bu regionda yaşayan bütün türk xalqlarının mənəvi və maddi mədəniyyətinin formalaşması və inkişafına böyük təsir göstərib.  

     Konqresdə həmçinin Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, dosent Əzizağa Nəcəfov və Əlyazmaların elektron resursları şöbəsinin müdiri, dosent Aynur Nəcəfova ”Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda Əlişir Nəvainin əlyazmaları”, Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlı “Sadıq bəy Əfşarın “Məcməül-xəvas” təzkirəsi (Əlişir Nəvainin “Məcalisün –nəvais” əsəri ilə qarşılaşdırma), Azərbaycan Milli Tarix Muzeyinin əməkdaşı Məhfuzə Zeynalova “Tarix muzeyində qorunan özbək kolleksiyası haqqında”, Azərbaycan Dövlət İncəsənət Muzeyi direktorunun müavini Xədicə Əsədova “İncəsənət Muzeyinin özbək incəsənəti vasitəsi ilə zənginləşməsi” mövzularında çıxış ediblər. 

Yığıncaqlar zamanı “Ümumdünya cəmiyyətinin layihələrində Şərqin nadir əlyazma irsi”, “Özbəkistanın arxeoloji və memarlıq abidələri: onların öyrənilməsi və qorunması məsələsi”, “Kino və müasir dünya:irsə yeni baxış” və s. mövzularda müzakirələr aparılıb. 

     Tədbirdə Özbəkistan, Türkiyə, Azərbaycan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Tatarıstanın mədəni irsi kolleksiyalarına həsr olunan “Mədəni irs dünya mənbələrində” seriyasından olan albomların yeni nüsxələrinin təqdimatı da keçirilib. 

     Konqres çərçivəsində bir sıra alimə, o cümlədən Şahin Mustafayevə ÜC mükafatı  təqdim olunub.   

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Səmərqənd       

 

 







Mədəniyyət