I Beynəlxalq TÜRKSOY Teatr Festivalı başa çatdı

post-img

Ötən həftə ölkəmizdə keçirilən I Beynəlxalq TÜRKSOY Teatr Festivalının Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bağlanış və mükafatlandırma mərasimi keçirildi.

Festivala yekun vuran TÜRKSOY-un baş katibi Sultan Raev yüksək qo­naqpərvərlik və təşkilatçılığa görə Azərbaycan Mədəniy­yət Nazirliyinə təşəkkürünü bildirdi. Baş katib Azərbay­canı və paytaxt Bakını Türk dünyasının böyük mədəniy­yət mərkəzlərindən biri kimi səciyyələndirdi, bu il “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Şuşanın qardaşlıq, dostluq və mənəviyyat şəhə­ri olduğunu söylədi.

Türk dünyasının çətin dönəmlərdə daim Azərbay­canın arxasında olduğunu deyən Sultan Raev ölkəmizin ərazi bütövlüyünü və suve­renliyini bərpa etməklə güc və qüdrətini dünyaya nüma­yiş etdirdiyini vurğuladı.

İlk festivalın uğurla real­laşdığını bildirən baş katib növbəti teatr şöləninin gələn il Türkmənistanın Aşqabad şəhərində keçiriləcəyini diqqətə çatdırdı. 

Sonra türk respublika­larının aparıcı teatr kollek­tivlərini bir araya toplayan festivalın qalib tamaşaları elan olundu. Türk dünyası­nın teatr mütəxəssislərindən ibarət münsiflər heyətinin rə­yinə əsasən, “Ən yaxşı mu­siqi tərtibatına görə” İstanbul Dövlət Teatrı “Bir nəfəs Dədə Qorqud” tamaşası ilə qalib elan olundu. Kasımalı Jan­toşev adına İssıkgöl Musiqili Dram Teatrının (Qırğızıstan) “Günəşə toxunan uşaq” və Səmərqənd Musiqili Dram Teatrının (Özbəkistan) “Leyli və Məcnun” tamaşaları “Ən yaxşı tamaşa” nominasiyası üzrə mükafata layiq görül­dülər.

Tamaşanın ən yaxşı plastik həllinə görə Türküs­tan Musiqili Dram Teatrı (Qa­zaxıstan) “Qorqud əfsanəsi” səhnə əsəri mükafat aldı. Müsabiqənin “Ən yaxşı ak-trisa” mükafatı iki sənətçiyə – Azərbaycan Dövlət Aka­demik Milli Dram Teatrından Məsmə Aslanqızına (“Qara­bağnamə”) və Məhdimqulu adına Türkmənistan Dövlət Musiqili Dram Teatrından Gülnabat Abdullayevaya təqdim edildi.

Festivalın müsabiqə­dənkənar tamaşa nümayiş­lərinə görə isə Azərbaycan Dövlət Akademik Musiqili və Dövlət Pantomima teatrları fəxri diplomlarla təltif olun­dular.

 

Q.RAMİLƏ
XQ

Mədəniyyət