Qarabağ Zəfərinin poetik təcəssümü

post-img

8 Noyabr - Zəfər Günü

Görkəmli dilçi, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova 28 elmi kitabın, 400-ə yaxın məqalənin müəllifidir. Çoxcəhətli və məhsuldar elmi yaradıcılığı ilə bərabər, alim fəal ədəbi-bədii yaradıcılıqla da məşğul olur. Onun “Mahirə Nağıqızı” imzası ilə nəşr edilmiş 14 şeirlər kitabı da oxucular tərəfindən maraqla qarşılanıb. 

Şairənin bu yaxınlarda işıq üzü gör­müş “Salam olsun” adlı 15-ci şeir kita­bına rəşadətli ordumuzun Qarabağın azadlığı uğrunda Vətən müharibəsində göstərdiyi şücaəti, əsgər və zabitləri­mizin qəhrəmanlığını vəsf edən poe­tik nümunələri daxil edilib. Bu şeirlərin timsalında demək olar ki, onun poe­ziyası müasir ədəbiyyatımızın dəyərli nümunələrindən hesab edilməyə layiq­dir. Mahirə Nağıqızının poeziyasında heca vəznli klassik yazılı poeziyamızın və aşıq şeirinin dil-üslub elementləri yüksək sənətkarlıqla əks olunub. Onun şeirlərində dərin fəlsəfi məzmun, Vaqi­fin, Ələsgrin şirin dili, milli ruhu, bən­zərsiz sənətkarlığının izləri vardır. 

Mahirə Nağıqızının şeirlərində müasir Azərbaycan ədəbi dilinin bü­tün üslubi imkanlarını, bədii təsvir və ifadə vasitələrini, obrazlılığın fonetik, leksik və qrammatik təzahürünü, rən­garəng nümunələrlə görə bilirik. Məhz bu cəhətlər hər bir oxucunun ruhunda dərin iz buraxır, ədəbi tənqidin, poezi­ya həvəskarlarının səmimi marağına səbəb olur. Şairin “Salam olsun” şeir­lər kitabı müstəqillik dövrü Azərbaycan poeziyasına dəyərli töhfədir. 

Müstəqillik dövrü Azərbaycanın po­eziyası məzmunca gələcəyə nə qədər inamlı olsa da, bir o qədər də kədərli idi. 30 ildən sonra Azərbaycan ordu­su Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müha­ribəsində işğal altında qalmış torpaq­larını azad etdi. Azərbaycan xalqı bu kədərli tarixdən üzüağ, qalib çıxdı. Bu möhtəşəm qələbəmizin ilkin poetik ifa­dəsi Mahirə Nağıqızının “Salam olsun” şeirlər kitabında da əks olundu. 

Azərbayacan poeziyasının məzmu­nunda baş verən bu ruh yüksəkliyini şair poetik dillə belə ifadə edir:

Ələm idi, qüssə idi hər çağımız,

Otuz ildən sonra güldü növrağımız,

Dalğalandı Şuşada nur bayrağımız.

Qurban olum, hamınıza salam olsun!

Mahirə Nağıqızının bağrından qo­pan “Salam olsun!” nidası həm də xalqımızın qalib sərkərdəsinə, Vətəni­mizin qüdrətli ordusuna, Azərbaycanın haqq işində onun yanında duran böyük Türk xalqına ünvanlanıb. Kitabda yer alan ilk 5 şeirin adı, bütövlükdə, Azər­baycanın bədii obrazını yaradır. “Azər­baycan”, “Vətəndir”, “Son döyüşə hazır ol”, “Uca bayrağım”, “Şəhidlər”. Bu şeirlər Azərbaycanı tanımaq, xalqımı­zın çağdaş varlığını ifadə etmək üçün açar sözlər rolunu oynayır. Kitabda yer alan digər şeirlərin adları da təsirlidir: “Ay Vətən”, “Xocalı”, “Danışan daşlar”, “Zəhranın qanı”, “Cəbhəyə məktub”, “Kəbəcər üçün oxşama”, “Laçınım-La­çınım”, “Şuşa məscidində azan”. Bu adlar altındakı misralar bütövlükdə bir Azərbaycanın taleyinin poetik rəsmidir: 

Bu dünyanın yaşı qədər tarixin var,

Sonu qədər, başı qədər tarixin var,

Dağı qədər, daşı qədər tarixin var,

Ha baş vursam bitməz qatı, ana dilim,

Dədəm, babam amanatı, ana dilim.

Ana dilimizə xitabən yazılmış bu misraların təkcə forma gözəlliyi, sənət­karlıq elementləri deyil, məzmunu belə oxucunu düşündürür, duyğulandırır. Yüksək sənətkarlıq, bədii formalar, təkrirlər, təşbehlər misralara melodik­lik, intensivlik gətirməklə yanaşı, şeirin məzmunu, daşıdığı məna yükü oxucu­ya ana dilimiz haqqında geniş məlumat verir.

Bu şeirlər milli-vətənpərvəlik möv­zusunu ifadə etməklə yanaşı, poeziya­mızın zəngin sənətkarlıq elementlərini də əks etdirir. Məsələn, şairin poetik di­lində bədii ifadə vasitələrindən təkririn hər iki formasının - anafora və epifora­nın rəngarəng üslubi çalarları ilə qar­şılaşırıq. “Ana dilim” şeirində epiforalar dərin məzmunun emosional təqdimi ilə şeirə əlavə gözəllik verir. 

“Salam olsun” kitabında ən çox yadda qalan şeirlərdən biri də “Şuşa məscidində azan”dır. Mahirə Nağıqızı bu şeiri Şuşamızın bizə qaytarıldığı 8 Noyabrdan 34 gün sonra yazıb. Şuşa­da azan səsi eşidillən gün bütün dünya qalib Azərbaycan ordusunun yeri-göyü silkələyən nərəsini, milli varlığımızı, Azərbaycanın haqq səsini eşitmiş oldu. Şair ilk bəndlərdə Şuşanın işğal döv­ründə başına gətirilmiş müsibəti bədii boyalarla belə təsvir edir:

Nadanı öldürür, axıdırdı qan,

Aqili əlində zopa tuturdu.

Allahın adından danışan insan

Allahın evini topa tuturdu.

Şeirin poetik sintaksisi, sintaktik füqurları o qədər incəliklə işlənmişdir ki, sətrin əvvəlində verilmiş “Allahın” sözünün təkrarı məzmunun daha qüv­vətli səslənişini təmin etməklə yanaşı, estetik gözəlliyin təzahürü kimi qəbul edilir. Şair Şuşanı “Azərbaycanın Kə­bəsi” adlandırır, xalqımızın qibləgahı zirvəsində görür:

El qalxdı, igidlər keçdi qabağa,

Qurtaraq-dedilər Kəbəni dardan.

Onlar Şuşamızla qucaqlaşmağa,

Yalınəl qalxdılar sərt qayalardan.

Mahirə Nağıqızının Azərbaycan dilinin ən incə üslubi xüsusiyyətlərini özündə əks etdirən şeirlərini oxuduqca onun sehrinə düşməmək, məna dərin­liklərinə dalmamaq mümkün deyil. Bu sehirli misralar min illərdən süzülüb gələn poeziya elementlərini özündə birləşdirməklə müasir poeziyamızın ən zəngin, ən parlaq səhifələrinə çevrilir.

Bəhram CƏFƏROĞU,
ADPU-nun baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru



Sosial həyat