“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” kitabı Xarəzm vilayətində təqdim olunub

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Daşkənd və Xarəzm vilayətlərində keçirilən “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” çərçivəsində Ürgənc Dövlət Universitetində “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” kitabının təqdimatı, Azərbaycan mədəniyyəti və ədəbiyyatına dair tədbir keçirilib. 

Tədbir iştirakçıları ilk öncə Azərbaycan tarixi, dövlətçiliyi, milli mədəniyyətimizə dair sərgi ilə tanış olublar. Sərgidə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin kitabları, Heydər Əliyev Fondunun layihəsi ilə Azərbaycan ədəbiyyatı, mədəniyyətinə dair çap olunan nəşrlər nümayiş edilib.

Tədbiri giriş sözü ilə açan rektor professor Baxrom Abdullayev qonaqları salamlayaraq Özbəkistanla Azərbaycan arasındakı əlaqələrdən söz açaraq bunu hər iki xalqın tarixi müvəffəqiyyəti kimi qiymətləndirib. 

Ürgənc Dövlət Universitetinin  bu əlaqələrin güclənməsində böyük marağının olduğunu bildirən rektor bundan sonra da Azərbaycanın elm-təhsil, mədəniyyət ocaqları ilə əməkdaşlıq edəcəyini vurğulayıb. Baxrom Abdullayev AMM-nin təşəbbüsü ilə universitetdə yaradılan Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi haqqında da məlumat verib, bu mərkəz vasitəsilə bir çox birgə elmi, mədəni-ədəbi layihələr planlaşdırıldığını bildirib.

Xarəzm Vilayəti rəhbərinin müavini Batır Saidov artıq ikinci dəfədir ki, Mədəniyyət Mərkəzi tərəfindən Xarəzm vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatına həsr olunmuş tədbirlərin təşkil edildiyini, bu tədbirlərin iki qardaş xalq arasında qırılmaz bağların yaranmasına səbəb olduğunu vurğulayıb. Türk dünyasının mədəniyyət paytaxtı Şuşa haqqında söz açan Batır Saidov Xivənin  Şuşa ilə qardaşlaşmış şəhər olduğunu qeyd edib. “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı nəşrdən söz açan natiq sözügedən kitabın Şuşa ilə bağlı ilkin məlumatları əldə etmək üçün çox dəyərli bir mənbə olduğunu dilə gətirib.

AMM-nin direktoru Samir Abbasov Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində keçirilən “Azərbaycan mədəniyyəti və poeziyası həftəsi” tədbirləri və Mədəniyyət Mərkəzinin Şuşa, habelə Ümummilli Lider Heydər Əliyevlə bağlı gerçəkləşdirdiyi layihələr barədə məlumat verib, universitetdə yaradılan Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzinin açılışının və beş dildə hazırlanan “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı ensiklopedik nəşrin “Şuşa ili”, eləcə də  Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan olunması münasibəti ilə həyata keçirildiyini vurğulayıb. 

 Şuşanın Azərbaycan xalqı üçün əziz, doğma və əvəzsiz olduğunu bildirən S. Abbasov fikirlərini Azərbaycan Prezidenti İlham Əliyevin “Şuşa Azərbaycan üçün milli qürur, milli mənlik, mədəniyyət, incəsənət və tarixdir” sözləri ilə yekunlaşdırıb.

Alim və tərcüməçi Babaxan Şərif də “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı ensiklopedik nəşrdən söz açaraq bu nəşrin Şuşa şəhəri haqqında dəyərli informativ  mənbə olduğunu və Azərbaycan, özbək, türk, rus, ingilis dillərində olmasını xüsusi qeyd edib. 

Tədbirdə Universitet tələbələri tərəfindən Azərbaycan şairlərinin şeirlərindən nümunələr səsləndirilib, Azərbaycan tamaşalarından səhnəciklər nümayiş olunub.

Tədbirin bədii hissəsində Azərbaycandan dəvət edilmiş “Simurq” Muğam ansamblının üzvləri tanınmış xanəndələr, beynəlxalq müsabiqələr laureatları Mirələm Mirələmov, Kamilə Nəbiyeva, kamançaçalan Elnur Mikayılov, tarzən Zəki Vəliyev, Azərbaycanın Əməkdar artisti, nağara ifaçısı Kamran Kərimovun iştirakı ilə konsert keşirilib.  Özbəkistanda tanınmış azərbaycanlı saz ifaçısı İlham Abdullayevın çaldığı saz havaları, universitetin rəqs qrupunun ifasında Azərbaycan milli rəqsləri konsertə xüsusi ahəng qatıb. 

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

Urgənc









Mədəniyyət