“Kitabi-Dədə Qorqud”da epik formullar” adlı monoqrafiya işıq üzü görüb

post-img

AMEA-nın Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə sözügedən müəssisənin Dədə Qorqud şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nizami Adışirinovun ““Kitabi-Dədə Qorqud”da epik formullar” adlı monoqrafiyası çapdan çıxıb.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən monoqrafiyada formul nəzəriyyəsinin meydana gəlməsi, nəzəri əsasları və inkişaf istiqamətləri tədqiq olunur. “Kitabi-Dədə Qorqud” ilk dəfə formul nəzəriyyəsi işığında sintaqmatik, semantik və linqvistik istiqamətdən təhlilə cəlb olunur. Tədqiqatda, həmçinin A.Olrik, N.Roşiyanu, L.Raqlan və C.Kempbellin formullarla bağlı nəzəri görüşləri və epik qəhrəman qəlibləri “Dədə Qorqud” qəhrəmanları ilə müqayisəli araşdırılır.

Qeyd edək ki, 293 səhifəlik kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Ramazan Qafarlı, rəyçiləri isə filologiya elmləri doktoru, professor Rüstəm Kamal (Rəsulov) və mərhum professor Kamran Əliyevdir.

Anar ƏLİ
XQ

Mədəniyyət