BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) Səmərqənddə keçirdiyi 25-ci yubiley sessiyası başa çatıb. Tədbirə 130-dan artıq ölkədən gələn nümayəndələr-dövlət turizm təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, turizm biznesinin təmsilçiləri qatılıb.
Azərbaycandan bu tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Açılış mərasimində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, UNWTO-nun Baş katibi Zurab Pololikaşvili çıxış ediblər. Tədbirdə BMT-nin Baş katibi Antonio Qutterişin sessiya iştirakçılarına videomüraciəti də verilib.
Sessiya çərçivəsində keçirilən tədbirlərdə Özbəkistan nümayəndələri turizm sahəsində ölkədə həyata keçirilən layihələr haqqında danışılıb. Bildirilib ki, son iki ildə Özbəkistanda 800 infrastruktur obyekti istifadəyə verilib, Səmərqəndin turizm infrastrukturuna bir milyard dollardan artıq vəsait xərclənib.
Deyilib ki, son bir ildə Özbəkistana gələn turistlərin sayı iki dəfə artıb, bu sahədən gələn gəlir isə dörd dəfə çoxalıb. Son illərdə dünyanın 100 ölkəsi ilə vizasız rejim tətbiq olunub, 55 ölkə ilə isə asanlaşdırılmış elektron viza sistemi həyata keçirilib.
Çıxışlarda qeyd olunub ki, bu ilin sonunadək Özbəkistana gələn turistlərin sayının 7 milyona çatması nəzərdə tutulur. 2030-cu ilədək isə bu rəqəmin 15 milyona çatdırılması proqnozlaşdırılır.
Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri
Səmərqənd