Dünən Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair-publisist, “Türk Dünyası İnfo” İctimai Birliyinin rəhbəri Dəyanət Osmanlının təşkilatçılığı ilə 2014-cü ildən bəri nəşr olunmuş 6 poeziya antologiyasının təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə Yazıçılar Birliyinin katibi Elçin Hüsenbəyli açaraq Dəyanət Osmanlının nəşr etdirdiyi almanaxların çox böyük məsuliyyətlə ərsəyə gətirildiyini, bu kitabların hər birinin ədəbi-mədəni mühitimiz üçün mühüm hadisə olduğunu bildirdi.
Dəyanət Osmanlı QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə indiyədək həyata keçirdiyi kitabların tərtibi, şeirlərin mövzu dairəsi barədə ətraflı məlumat verdi. QHT Agentliyinə və tədbirin keçiriməsinin təşəbbüskarı olan AYB sədri, xalq yazıçısı Anara təşəkkürünü bildirdi.
Bakı Dövlət Universitetinin müəllimi Knyaz Aslan “Türk Dünyası İnfo” İB-nin hazırladığı kitabların aktual ictimai-siyasi mövzuları əhatə etdiyini bildirdi. Onun sözlərinə görə, kitablardan biri “Türk dünyasında Azərbaycan” adlanırsa, digəri “Zəfər duyğuları”, növbəti ildə çıxan “Çağdaş Bütöv Azərbaycan” və c. adlanır. Elə kitabların adlarından orada əhatə olunan mövzular aydın olur.
Filologiya elmləri doktoru Bədirxan Əhmədov antologiyalarda toplanmış şeirlərin bədii-estetik xüsusiyyətləri haqqında danışaraq, onların seçilməsi zamanı Dəyanət Osmalının çox böyük qayğı və diqqətlə yanaşdığını qeyd etdi.
Digər çıxış edənlər təxminən 13 il müddətində çəkdiyi böyük zəhmətə, ədəbiyyatımız üçün mühüm işlər gördüyünə görə Dəyanət Osmanlıya təşəkkürlərini bildirdilər.
P.ƏMİRCANOV
XQ