Erməni hüquq müdafiəçisi: Heç kim erməniləri Qarabağı tərk etməyə məcbur etməyib

post-img

“İnsanlar təhlükə hiss etdikləri üçün getdilər, amma məcbur edilmədilər. Bu gün yaranmış vəziyyət isə bizim səhvlərimizin nəticəsidir, günahı avropalıların, rusların arasında axtarmaq tamamilə yersizdir”.

“Caliber” xəbər verir ki, bu fikirləri erməni hüquq müdafiəçisi Vardan Arutyunyan yerli “Factor Tv” kanalına Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə münasibət bildirərkən deyib.

“Biz seçdiyimiz yolumuzun bizi apardığı sığınacağa çatmışıq. Ona görə də bu müsahibə zamanı xahiş edərdim ki, azərbaycanlılara yönəlmiş oxlar olmasın. Mənim onlarla problemim yoxdur, özümüzlə problemim var. 

Hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi təkcə real deyil, həm də zəruri, qaçılmaz və məcburidir. Başqa variant ola bilməz, digər variant isə müharibədir. Mütləq Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə barışığı olmalıdır. Çünki bu, ilk növbədə ermənilərin, eləcə də azərbaycanlıların və türklərin maraqlarından irəli gəlir. Biz dinc bir bölgədə yaşamalıyıq. Və bu dinc bölgədə yaşamaq üçün başa düşməliyik ki, atdığımız hər bir addım istəklərimizə, arzularımıza, hisslərimizə, incikliyimizə görə deyil, reallığa əsaslanaraq atılmalıdır. Reallıq bizi sülhə getməyə məcbur edir və biz sülhə getməliyik”, - deyə hüquq müdafiəçisi Vardan Arutyunyan bildirib.

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət