Uzaq Saxada “Böyük qar alqışı”

post-img

Həmyerlimiz Turan soraqlı şeir-sənət bayramında

Tanınmış Azərbaycanı şairi Ramiz Qusarçaylı Saxa Respublikasında “Böyük qar alqışı” adlı Vll Beynəlxalq Poeziya Festivalında ölkəmizi layiqincə təmsil edib.

Ənənəvi festivalın başlıca məqsədi Şərqi Sibirin bu türk diyarı ilə MDB mə­kanı xalqlarının yazarlarının arasında əlaqələrin genişləndirilməsidir. Festiva­la, əsasən, saxa xalqının ədəbiyyatına maraq göstərən, bu sahədə yaradıcılıq planları olan şairlər və tərcüməçilər dəvət olunurlar. Həmin günlərdə çağdaş poezi­ya və tərcümə problemlərinə həsr olunan dəyirmi masalar təşkil edilir. 

XQ-yə müsahibəsində Ramiz Qusar­çaylı bildirib ki, gözümüzdən uzaq olsa da, ruhumuza çox yaxın olan, qədim türk diyarı Saxada bu festival iki ildən bir ke­çirilir: “Budəfəki poeziya bayramında yer­li şairlərlə bərabər, Moskva, Mahaçqala, Arxangelsk, Ufa, Kazan, Astana və Biş­kekdən də şair və tərcüməçilər gəlmiş­dilər. Bizi hava limanında Saxa Yazıçılar Birliyinin sədri Qavril Androsov və milli libaslı iki gənc əllərində duz-çörək və ku­mıs dolu çoronla qarşıladılar”. 

Müsahibimiz sonra respublikanın rəhbəri Aysen Nikolayevin qonaqları qəbul etdiyini bildirərək dedi ki, həmin görüşdə festivalın ideya müəllifi, yerli Yazıçılar Birliyinin fəxri sədri, Xalq şairi, RSFSR-in Əməkdar mədəniyyət xadimi Natalya Xarlampiyeva da iştirak edirdi: “Mən qəbulda çıxış edərək, xalqımızın adət-ənənələri, ədəbiyyatımız və öz ya­radıcılığım barədə məlumat verdim. Saxa rəhbərinə 44 günlük Vətən müharibəsin­də qələbəmizi, eləcə də milli xalçalarımız və Quba alması təcəssüm etdirən buklet və suvenirlər bağışladım. O, bizim qələ­bə sevincimizə şərik olduğunu bildirdi və xalqımıza səmimi salamlarını çatdırmağı xahiş etdi”.

M.K.Ammosov adına Şimal-Şərq Fe­deral Universitetində keçirilən festivalın açılış mərasimində Ramiz Qusarçaylının rus və saxa dillərinə tərcümə olunmuş şeirləri ali təhsil ocağı tələbələrinin ifasın­da səslənib və alqışlarla qarşılanıb. 

Xatırladaq ki, festivalın adı Xalq şairi Semyon Danilovun bir şeirindən götürü­lüb. Onun və nasir qardaşı Safron Dani­lovlun abidələrinin, eləcə də doğulduqları kənddəki ev-muzeyinin ziyarəti xüsusilə yaddaqalan olub. Saxa Media Holdinqdə yerli jurnalistlərlə, Yakutsk şəhərindəki iki orta məktəbdə şagirdlərlə və Berdiqest­yaxda Semyon Danilovun adını daşıyan Mənəviyyat mərkəzində şəhər ictimaiy­yəti ilə keçirilən görüşlər, Yakutsk–Qornıy Ulus yolunda yerləşən Şaman ocağına, rəmzi Los (Maral) heykəlinin qoyulduğu yerə səfərlər də qonaqlara unudulmaz təsir bağışlayıb. 

“Festivalın rəsmi bağlanış tədbirində Saxanın Mədəniyyət və Mənəvi İnkişaf naziri Afanasi Noyev məni Azərbaycan və Saxa respublikaları arasındakı yaradı­cı xidmətlərimə görə fəxri fərmanla təltif etdi. Saxa Yazıçılar Birliyinin rəhbərliyi­nin isə fəxri diplomuna və qiymətli hədiy­yələrinə layiq görüldüm”, – deyən Ramiz Qusarçaylı sonda bildirdi ki, Poeziya fes­tivalında yerli mədəniyyət xadimlərinin, sənət ustalarının çıxışları bir daha Türk dünyasının mənəvi saflığından, Turan ru­hunun böyüklüyündən soraq verirdi. Bü­tün bunlar, heç şübhəsiz, yeni yazılacaq ədəbi nümunələrdə öz əksini tapacaq. 

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət