Bakıda dünya caz təntənəsi

post-img

Şərq mədəniyyətinə mənsub olan Azərbaycanda caz sənəti də özünə yer tapa bilib. Paytaxtımızda caz musiqisinə, xüsusilə də onun muğamla sintezindən yaranan improvizələrə böyük marağın olduğu hiss edilir. Bu günlərdə “Beynəlxalq Muğam Mərkəzi”ndə amerikalı cazmenlərin çıxışı buna misal ola bilər. Seyrçilər amerikalı truba ifaçısı cazmen və repçi Teo Krokerin canlı konsertini izləmək imkanı qazanmışdılar. 

Konsertdən öncə məşhur “Qaya” vo­kal kvartetinin solisti olmuş Xalq artisti, Prezidentin fərdi tədaüdçüsü Cavan Zey­nallı ilə görüşdük. Maraqlı həmsöhbət olduğu üçün fürsətdən istifadə edərək, özünün caza vurğunluğu barədə sual verdim. Cavabında uşaqlıq və gənclik xatirələrindən bəhs etdi: “Atam musiqi məktəbində direktor idi. Öncə skiripka məni özünə cəlb etmişdi. O dövrdə caz­la bağlı notlar, kitablar yox idi. Biz daha çox vallardan eşitdiyimiz musiqilərlə cazı ritmlərini yadımızda saxlayıb ifa edirdik. Daha sonra Vaqif Mustafazadəylə tanış oldum. Frank Sinatranın musiqilərini bil­diyim üçün o, mənim həmin əsərləri ifa etməyimi istəyirdi. Mənsə onun yanında utanırdım. Çünki Vaqif Allah vergisi idi. Onun yanında cazla məşğul olmaq çətin idi… Bu günə gəldikdə isə, açıq deyim ki, Amerikada, İtaliyada da artıq caz geri getməkdədir. İndi sadəcə keçmiş günləri yada salmaq üçün bu konsertdə iştirak edirəm”. 

Konsert başlananda Teo Krokerin ifa­sından öncə Azərbaycanda cazın inkişaf tarixindən danışıldı. Xatırladıldı ki, Bakı­da ilk caz konserti 1966-cı ildə “Yaşıl Te­atr”da keçirilib. Yeri gəlmişkən deyək ki, caz motivli ifalar həmin il çəkilən “İstintaq davam edir” filmində də istifadə olunmuş­du. Daha sonrakı illərdə də bu, davam edib. “Soyuq müharibə” dövrü olmasına baxmayaraq, Azərbaycanın ABŞ-la caz sahəsində bir körpü yaratdığı qeyd olun­du. 

O da diqqətə çatdırıldı ki, Teo Kro­kerin babası da truba ifaçısı olub. Uşaq vaxtında babasının ifaları ona təsir edib, daha sonra musiqi təhsili alıb, özünü caz­men kimi tanıda bilib. Dünyanın bir neçə ölkəsində konsertləri təşkil olunub. 

Amerikalı qonaq tamaşaçıları bizim ana dilimizdə salamlayıb ilk alqışları qazanandan sonra öz sənət məharə­tini göstərməyə başladı. Konsert boyu tramplet, drams və kontrabasın müşayiəti ilə uğurlu ifalar nümayiş olundu. Kollektiv ifalarla hər üç alətdə uğurlu performans göstərilirdi. Təbii ki, özəl performanslar qiymətini alqışlar şəklində alırdı. Bakıda ilk konsertini verən Teo Krokerin qənimət ifaları yaddaqalan oldu. 

Konsertin seyrçiləri arasında, təbii ki, xarici qonaqlar da var idi. Braziliyalı musiqiçilər festivalın yüksək təşkil olun­masından, Bakının gözəlliyindən məm­nuniyyətlə danışdılar. Bir daha sübut olundu ki, paytaxtımız istənilən mötəbər beynəlxalq mədəni tədbirə layiqli evsa­hibliyi edə bilər. 

Festival günlərində müxtəlif konsert­lər, musiqili müzakirələr davam edib. Musiqisevərlər caz ifalarını dinləməklə bərabər, bu modern sənət növü ilə bağlı məlumatlar da əldə edə biliblər. 

Qeyd edək ki, builki festivalda 15 ölkədən musiqiçilər, o cümlədən “Grem­mi” mükafatı laureatları olan ifaçılar, Amerikadan “Höte İnistut”, arfa caz ifa­çısı Edmar Castaneda və Gregori Maret də Bakıda gözəl performans nümayiş et­diriblər. Azərbaycan cazmenləri də böyük uğurla konsertlər veriblər. Festivalın əsas təşkilatçısı “Paşa Holding” idi. “Höte İnis­tut”, ADA Universteti, İsveçin ölkəmizdəki səfirliyi və digərləri də tədbirlərə dəstək veriblər.

Bir sözlə, XVIII Beynəlxalq Caz Festivalı ən xoş xatirələrlə yadda qalıb.

Ceyhun MİRZƏLİ

Mədəniyyət