“Ortaq türk tarixi”

post-img

Dostluq və qardaşlıq dərsliyi

 

Bizim qardaş türkdilli xalqlarla müştərək, eyni zamanda zəngin tariximiz var. Ayrı-ayrı mənbələrdə bu barədə kifayət qədər məlumat olsa da, son zamanlara qədər bu tarix bir fənn kimi məktəblərdə öyrənilməyib. 

Bildiyimiz kimi, keçən il Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının Nur-Sultanda keçirilən növbəti, 5-ci ic­lasında “Ortaq Türk tarixi”, “Ortaq Türk ədəbiyyatı” və “Türk dünyasının coğrafi­yası” dərsliklərinin mətni və proqramı üzv ölkələrin nazirləri ilə təşkilatın rəhbərliyi tərəfindən təsdiq olunub və müvafiq pro­tokol imzalanıb. Artıq “Ortaq Türk tarixi” dərsliyi çap olunub. Müəllifləri Darxan Kıdırəli, Qaybulla Babayar olan dərsliyin qardaş Türkiyədə tədrisinə başlandığı bildirilir. Bəs, Azərbaycanda bununla bağlı hansı addımlar atılıb? 

Sualımızı orta məktəblər üçün “Azərbaycan tarixi” dərsliklərinin müəlliflərindən biri olan tarixçi Hafiz Cabbarov cavablandırdı. O bildirdi ki, “Ortaq Türk tarixi” dərsliyinin hazırlanma­sı və türkdilli dövlətlərdə tədrisi ideyası hələ 1990-cı illərin əvvəllərindən mövcud olub. Yəni o vaxt Azərbaycan da daxil ol­maqla türkdilli respublikalar keçmiş SS­Rİ-nin tərkibindən ayrılıb müstəqil olduq­dan sonra bu ideya ortaya çıxıb. 

Müsahibimiz daha sonra dedi:

– Lakin ideya üzrə bir müddət əməli addım atılmayıb. Bu, elə müzakirə möv­zusu olaraq qalıb. Yalnız 1994–1995-ci il­lərdə türk dövlətlərinin tarixçiləri ortaq türk mətnlərinin layihəsi üzərində işə başlayıb­lar. Ondan sonra da müəyyən fasilə yara­nıb. Nəhayət, 2012-ci ildə Qırğızıstanda keçirilən Türk Şurasının zirvə görüşündə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçıları ortaq türk tarixi kursunun bu ölkələrin ümumtəhsil müəs­sisələrində tədrisi ilə bağlı birgə qərar qə­bul ediblər. Növbəti ildə Qəbələ şəhərində keçirilən zirvə görüşündə, daha 1 il sonra Bodrumda keçirilən zirvə görüşündə qərar təsdiq olunub. 

Ortaq türk tarixinin yazılması konkret olaraq Beynəlxalq Türk Akademiyasına həvalə olunub. Bu akademiyada işçi qrup yaradılıb və dərsliklər hazırlanıb. 2017-ci ildə Qazaxıstanın Astana şəhə­rində tədris vəsaitinin müzakirəsi keçi­rilib və 2019-cu ildən artıq sözügedən ölkələrdə “Ortaq Türk tarixi” tədris edil­məyə başlanıb. Azərbaycanda bu fənn, səhv etmirəmsə 150-yə qədər pilot mək­təbdə fakültətiv dərs kimi öyrədilir. “Or­taq Türk tarixi” 8-ci siniflər üçün nəzərdə tutulub və ən qədim dövrdən XV əsrə qədər türk xalqlarının ümumi keçmişi, onların yaratdığı dövlətlərin inkişaf yol­ları, mədəniyyəti və dili haqda təsəvvür formalaşdırır. Bu da türk dünyasının in­teqrasiyasında və onların qarşılıqlı hör­mət çərçivəsində tarixlərinin tədrisində və bu tarixə sevgi formalaşmasında bö­yük rol oynamaqdadır. 

H.Cabbarov onu da qeyd etdi ki, 2022-ci ildə İstanbulda yeni bir görüş keçirilib və həmin görüşdə “Ortaq Türk tarixi” ilə bərabər, “Ortaq Türk ədəbiyyatı”, “Ortaq Türk coğrafiyası” dərslikləri də müzakirə edilib: 

– Həmin görüşə mən də qatılmış və Azərbaycanı təmsil etmişəm. Göründü­yü kimi, müvafiq dərsliklərin yazılması və təkmilləşməsi üzrə xeyli yol qət edi­lib. Bu il də analoji onlayn görüş keçirildi və “Ortaq türk tarixi” dərsliyinin daha da təkmilləşməsi məsələsi müzakirə olundu. Əməli debatlara artıq Özbəkistan da qo­şulub. Orada da bu fənn tədris olunmağa başlayır. Gələcəkdə Macarıstan və Türk­mənistanın da bu sıraya qoşulacağı ehti­malı böyükdür. Çünki Türk Dövlətləri Təş­kilatı genişlənir və regionun ən mötəbər beynəlxalq qurumlarından birinə çevrilir. Bu amil təhsil sahəsində inteqrasiyanın genişlənməsinə şərait yaradır. Güman edirəm ki, bu layihə daha da uğurlu olar. 

Gələcəkdə XV əsrdən müasir döv­rə qədər olan hadisələr və proseslər də dərsliyə salınacaq və yuxarı siniflərdə tədris ediləcək. 

Əli NƏCƏFXANLI
XQ



Sosial həyat