Lütfiyar İmanov uzaqgörənliyi...

post-img

Böyük sənətkar Tehranın səmimiliyinə o qədər də inanmamışdı

Azərbaycan mətbuatının müstəqilliyin ilk illərindəki ab-havasını, ərzi-halını, yəqin ki, heç kəs unutmayıb. Hamı öz “fakt”ını həqiqət kimi təqdim edirdi. Həmin günlərdə xəbər yayılmışdı ki, SSRİ Xalq artisti Lütfiyar İmanov Almaniyaya qaçıb. (!?) Bir az insaflı müxbir isə yazmışdı ki, o, siyasətçi deyil ki, qaça, sadəcə, işləməyə gedib (Üç-dörd aydan sonra dəqiqləşdirərək yazdılar ki, sənətkar Almaniyada bir həftə qalaraq İzmirə gəlib və orada işləməyə başlayıb). 

Qərəz, mən də böyük sənətkarın bir Avropa ölkəsinə “qaçmasını” eşidən kimi o vaxt çalışdığım dövlət radiosundakı “Səhər” musiqili informasiya proqramı” adlı müəllif verilişində od püskürdüm: “Torpaqlarımızın işğal olunduğu, ölkə­daxili qarşıdurmaların və müstəqilliyimizi gözü götürməyən xarici bədxahlarımızın təhdidlərinin baş alıb getdiyi bir vaxt­da dünya şöhrətli sənətkarımızın ölkə­dən getməsinə necə haqq qazandırmaq olar?”

Veriliş səhər saat 7-dən 8-ə qədər 1-ci proqramda gedir, 8-dən 9-a qədər isə “Araz” radiosu ilə təkrar yayılırdı. “Araz”dakı veriliş qurtarandan bir-iki saat sonra mənə dedilər ki, sənə xaricdən te­lefon zəngi var. Baş redaktorun otağına getdim. Lütfiyar İmanov idi: “Mən sizi ta­nımıram. Bəlkə də yaşlı adamsınız. An­caq səsdən cavan adama oxşayırsınız. Demək istəyirəm ki, əvvəla, mən Alma­niyada yox, Türkiyədəyəm. İkinci, Azər­baycanda mənə göstərilən münasibəti siz öz üzərinizdə hiss etsəydiniz Alma­niyaya yox, Anqolaya qaçardınız. Mən Türkiyədə daimi qalmayacağam. Daimi olan sözdü, səsdi, mədəniyyətdi. Yayılan şayiələrə əsaslanıb danışanda sözü hör­mətsiz edirsiniz. Sağ olun!”

... Sonra xalq Ulu öndəri siyasi haki­miyyətə gətirdi, ölkədə vəziyyət duruldu və Lütfiyar İmanov da Azərbaycana qa­yıtdı. Lap sonralar isə Heydər Əliyev onu “İstiqlal” ordeninə və Prezidentin fərdi təqaüdünə layiq gördü. 

... İndi isə sərlövhədəki arqumenti­miz barədə. Bəstəkar Tofiq Bakıxanov yaradıcılıq işində ölkədə gedən icti­mai-siyasi prosesləri daim diqqət mərkə­zində saxlayır. Onun ictimai-siyasi məz­munlu bir neçə musiqi əsəri var. Hətta, Xəzər neftçilərinin həyatını balet səhnə­sinə gətirib. Ulu öndər Heydər Əliyevin 1994-cü il iyunun 29-dan iyulun 2-dək davam edən Tehran səfərində Azərbay­canla İran arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan müqavilələr bağlanmış, Xarici işlər naziri Vilayəti ilə danışıqlardan sonra Ermənistanın təcavüzünü ittiham edən bəyanat imza­lanmışdı. Tofiq müəllim isə İran mövzu­sunda mahnılar yazılması təşəbbüsü ilə çıxış etmişdi. 

Bununla bağlı tarix elmləri doktoru, şair Şahin Fazil, Baba Pünhan və mən mahnı mətnləri yazdıq. Mənim sözlərimə yazılan mahnını Lütfiyar İmanov oxudu və Tofiq müəllim bu musiqinin Bakı, İs­tanbul, Ankara, Təbriz və Tehran radiola­rının fonduna daxil edilməsinə nail oldu. 

İş elə gətirdi ki, Bakı Musiqi Akade­miyasında keçirilən tədbirlərin birində Tofiq müəllimin bir tərəfində Lütfiyar İma­nov, digər tərəfində isə mən əyləşməli oldum. Tofiq müəllim məni müğənniyə təqdim edəndə böyük sənətkar yaddaşı­nı eşələyirmiş kimi bir az dayandı və dedi ki, Xan, Mirzəbəyli ilə biz həm efirdən, həm də telefonla tanış olmuşuq. Lütfiyar İmanov Tofiq Bakıxanova, sadəcə, “Xan” deyə müraciət edirdi.

Başqa bir tədbirdə isə Lütfiyar İma­novun Tofiq Bakıxanovdan belə bir xahi­şi oldu: “Xan, əgər mümkünsə, oxumaq üçün mənə verəcəyin mahnının sözləri ilə əvvəlcədən tanış olum. Məsələn, bu dostunun (məni göstərdi) sözlərinə yaz­dığın mahnı nə zamansa bizi narahat edə bilər”. 

Tofiq müəllim öz addımını Heydər Əliyevin siyasəti ilə əsaslandırmağa çalı­şanda Lütfiyar İmanovun da öz arqumen­ti oldu: “Heydər Əliyev xalqı üçün sülhə can atır və nail olur. Ancaq sənin han­sısa xarici siyasətçinin sözünə, vədinə, imzasına inanmağın düz deyil. Sabah yenə də həmin siyasətçilərlə 90-cı illərin əvvəlindəki kimi soyuqluq yaransa, biz xalqa nə deyəcəyik?”

Həqiqətən, böyük sənətkarın, təx­minən, 25 il əvvəl narahatlıqla dilə gə­tirdiyi həmin proqnozların real həyatdakı təsdiqini sonralar dəfələrlə gördük. Hətta 44 günlük İkinci Qarabağ müharibəsində də həmin xarici siyasətçilər bizi deyil, iş­ğalçı Ermənistanı dəstəkləmişdilər. 

Allah Lütfiyar İmanova rəhmət eləsin!

İttifaq MİRZƏBƏYLİ
XQ



Mədəniyyət