“Güclü lider: Müzəffər Ali Baş Komandan”

post-img

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin təşkilatçılığı ilə “Naxçıvansaray”da “Güclü lider: Müzəffər Ali Baş Komandan” mövzusunda toplantı keçirilib.

Məclis iştirakçıları ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə, Prezident İlham Əliyevin Azər­baycan dövlətinə rəhbərliyinin 20 illiyinə və Qarabağ zəfərinə həsr edilmiş fotosər­giyə və videoçarxa baxıblar. 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək bildirib ki, 20 il əvvəl cənab İlham Əliyevin Azərbaycan Respublika­sının Prezidenti seçilməsi ilə ölkəmizin tarixində yeni inkişaf və tərəqqi dövrünün əsası qoyulub. Ötən 20 ildə həyata keçi­rilən milli inkişaf doktrinasının əsas hə­dəfində, ilk növbədə, regionların inkişafı dayanır. 2004-cü ildən başlayaraq region­ların sosial-iqtisadi inkişafı ilə bağlı ardıcıl 4 dövlət proqramı qəbul və icra olunub, güclü bazaya malik iqtisadi sistem quru­lub, makroiqtisadi göstəricilərdə, ümumi daxili məhsulda və valyuta ehtiyatlarında dəfələrlə artıma nail olunub.

Səlahiyyətli nümayəndə diqqətə çat­dırıb ki, Azərbaycan Prezidenti İlham Əli­yev Ulu öndər Heydər Əliyevin dövlətçilik kursunu davam etdirərək müstəqil xarici siyasət yürüdür, ölkəmiz dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsiz­lik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına son illərdə səd­rlik etməsi xarici siyasət strategiyamızın təntənəsidir.

Silahlı Qüvvələrimizin maddi-texniki bazasının, döyüş qabiliyyətinin və peşə­karlığının davamlı artırılması, döyüş ar­senalının müasirləşdirilməsi son nəticədə güclü müdafiə potensialı formalaşdırmaq­la yanaşı, 30 illik işğala da son qoydu, tor­paqlarımız azad olundu. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Koman­dan cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edərək regionda yeni geostrateji reallıqlar yaratdı. Qələbəmizin ən mühüm nəticələ­rindən biri də Zəngəzur dəhlizinin açılma­sı sahəsində görülən işlərdir. 

Fuad Nəcəfli dünyaşöhrətli siyasi xa­dim, qalib lider və tarixi şəxsiyyət cənab İlham Əliyevi Azərbaycan Respublikası­nın Prezidenti seçilməsinin 20 illiyi mü­nasibətilə muxtar respublika əhalisi və ictimaiyyəti adından təbrik edib, möhkəm cansağlığı, ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Naxçıvan Dövlət Universitetinin rek­toru Elbrus İsayev və AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacı­yev Prezident İlham Əliyevin liderlik mis­siyasından və siyasi fəaliyyətinin müxtəlif istiqamətlərindən danışıblar. 

Səbuhi HƏSƏNOV
XQ

Naxçıvan

Son xəbərlər