Çimərlik güləşçilərimiz Egey sahillərində

post-img

İbrahim Yusubov ikinci dəfə dünya çempionu olub 

Azərbaycan pəhləvanları dünyanın ən nüfuzlu yarışlarından olan dünya çempionatında daha bir uğur əldə ediblər. Bu dəfə çimərlik güləşi üzrə Türkiyədə keçirilən Dünya Seriyasının final mərhələsində təmsilçilərimiz parlaq nailiyyət qazanıblar. 

Muğla bölgəsinin Sarıgerme qəsəbəsində keçirilən final yarışında yığmamızın üzvlərin­dən İbrahim Yusubov (90 kq) gümüş medala sahib olub. Ramiz Həsənovla (70 kq) Oyan Nəzəriani (+90 kq) isə 4-cü yeri tutublar.

Bu yarış bitdikdən sonra seriyanın il ərzin­də baş tutan 5 mərhələsində toplanan xallar hesablanıb və hər çəkidə ümumilikdə ən çox xal yığan güləşçi müəyyənləşib. Seriyanın 5 mərhələsinin yekununa görə, rəqiblərini üstələyən Azərbaycan güləşçisi İbrahim Yusu­bov titulunu qoruyub və ardıcıl 2-ci dəfə dün­ya çempionu adına yiyələnib. Əvvəlki dünya çempionatlarında qızıl və gümüş medala sa­hib olan Oyan Nəzəriani bu dəfə üçüncü yeri tutub. Ramiz Həsənov isə yekun sıralamada 4-cü olub. 

Güləş üzrə gənclərdən ibarət yığma komandanın məşqçisi Nazim Əlicanov “XQ”yə açıqlamasında dünya çempiona­tında əldə edilən nəticənin böyük uğur ol­duğunu bildirdi. O qeyd etdi ki, bu idman növünün yaşı Azərbaycanda o qədər də çox deyil: “Qısa müddət ərzində yüksək nə­ticələrin qazanılması gərgin zəhmətin bəhrə­sidir. İbrahim Yusubov artıq ikinci dəfə dünya çempionu adına yiyələndi. O, 5 mərhələdən ibarət Dünya Seriyasının bütün turnirlərində yüksək nəticəyə imza atıb, yekunda qalib oldu. Ramiz Həsənov dünya reytinqində 1-2-ci sıra­da idi. Finalda çıxışı uğursuz oldu. Güləşçimiz turnirdə əzmkarlıqla mübarizə aparsa da, mü­kafatçılar sırasına düşə bilmədi və dördüncü yerlə kifayətləndi. Ağır çəkili pəhləvanımız Oyan Nəzərani dünya çempionatlarında bir neçə dəfə medal qazanıb. Çimərlik Oyunların­da 4-cü yerə çıxsa da, mükafatçıların birindən dopinq tapıldığına görə medalı ona verdilər”. 

Məşqçi onu da qeyd etdi ki, dünyanın ən güclü atletlərinin iştirak etdiyi yarış gərgin mübarizə şəraitində keçib. Komandamız tə­lim-məşqlərdə və yarışlarda ciddi səy göstərib. 

Qeyd edək ki, çimərlik güləşi üzrə milli­nin baş məşqçisi kimi də fəaliyyət göstərən Oyan Nəzəriani bu yarışdan sonra idman­çı kimi karyerasını başa vurduğunu deyib. O qeyd edib ki, hər peşəkar idmançı üçün karyeranı başa vurmaq çətin olsa da, belə bir qərarı verməli olub: “Beynəlxalq yarışlar­dan kənarda qalmaq, güləşə bilməmək kədərli haldır. Amma heç nə daimi deyil. Bu il idmançı karyeramı başa vurmaq qərarına gəldim”. 

Oyan Nəzəriani karyerasını bitirməsinin həm zədələrlə, həm də məşqçilik karyerası ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, müəyyən zədələri idmançı kimi karyerasını davam etdir­məsinə çətinlik yaradıb. Digər tərəfdən məşqçi kimi karyerasına daha çox fokuslanmağı qəra­ra alıb: “Bu qərarı verməyimizin digər səbəbi fərdi məşqlərdən çox, komanda məşqlərinə üstünlük verdiyim üçündür. Dünya Çimərlik Oyunlarına lisenziya qazandığım üçün bu ya­rışı gözləyirdim. Amma Oyunların təxirə sa­lınmasından sonra idmançı kimi fəaliyyətimi dayandırmaq qərarına gəldim. Amma idmançı kimi bəlkə də, bir neçə il də güləşmək olardı. Düşünürəm ki, gənc pəhləvanlar yetişdirməklə ölkəmizdə bu sahəyə töhfələr verə bilərəm”.

Oyan Nəzəriani Azərbaycan bayrağı altın­da yüksək nəticələr əldə etməyin onun üçün fəxr və böyük uğur olduğunu qeyd edib: “İd­mançı kimi əldə etdiyim uğurlardan daha çox, Azərbaycan bayrağı altında çıxış etməyim məni qürurlandırır. Sevinirəm ki, Azərbaycanı təmsil etmək üçün mənə belə bir gözəl şans yaradılıb. Ən böyük arzum məşqçi kimi dün­ya şöhrətli pəhləvanlar yetişdirməkdir. Bunun üçün əlimdən gələni edəcəyəm”. 

Leyla QURBANOVA
XQ

İdman