Daşkənddəki Dünya Dilləri Universitetinin nəzdindəki Akademik Litseydə “Xalqların mətbəxi və adət - ənənələri” adlı festival keçirilib.
Tədbirə Özbəkistanda fəaliyyət göstərən səfirliklər və mədəniyyət mərkəzləri qatılıb. İştirakçılar öz ölkələrinin tarixi, mədəniyyəti, milli mətbəxini təbliğ ediblər.
Ölkəmizi bu tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.
Azərbaycan üçün ayrılan guşədə ölkəmizin bayrağı, dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlarla əlaqədar kitablar nümayiş olunub. Nəşrlər arasında ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı, ədəbiyyatına dair AMM-nin özbək dilində Daşkənddə çap etdirdiyi nəşrlər, habelə ölkəmizin təbliğinə dair Heydər Əliyev Fondu tərəfindən çap olunan kitablar da yer alıb.
Suvenirlər, milli mətbəximizin nümunələri guşəyə gələnlərin çox xoşuna gəlib.
Mədəniyyət Mərkəzinin əməkdaşı Kifayət Pirməmmədova guşəyə gələnlərə ölkəmizin tarixi, Azərbaycan-Özbəkistan dostluğu haqqında məlumat verib, qonaqlar şirniyyatlarımıza qonaq ediliblər.
Mərkəzin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib.
Sonda festivalda aktiv iştirak edənlərə diplomlar təqdim edilib. Diplom alanlar arasında AMMdə olub.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Daşkənd