Özbəkistanda “İpək Yolunun mirvarisi” adlı XV Daşkənd Beynəlxalq Kinofestivalı öz işinə başlayıb.
Kino bayramına dünyanın 52 ölkəsindən, o cümlədən Azərbaycandan 500-dən çox kinemotoqrafçı, tanınmış aktyor və aktrisa, rejissor, operator, kino sahəsinin tanınmış simaları qatılıb.
Ölkəmizdən gələn nümayəndə heyətinə Azərbaycan mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu rəhbərlik edir.
Təntənəli açılış mərasimində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin festival iştirakçılarına təbriki oxunub.
Açılış mərasimində bildirilir ki, festival çərçivəsində 200-dən çox müxtəlif tədbir keçiriləcək, 60-dan artıq usta dərsi baş tutacaq, kinematoqrafiya sahəsində Mərkəzi Asiyanın tanınmış simaları-Malikə Kayumova, Nəbi Qəniyev, Kamila Ermatova, Baken Qidikeev və digərlərinin həyat və yaradıcılıqları ilə bağlı foto sərgilər keçiriləcək.
Qeyd olunub ki, bu festivalın bünövrəsi 1968-ci ildə qoyulub, 65 il əvvəl Asiya, Afrika və Latın Amerikası ölkələrinin kinematoqrafçılarının forumu kimi fəaliyyətə başlayıb,1988-ci ilə qədər keçirilib. 1992-1997-ci illərdə yenidən öz fəaliyyətini bərpa edib .
Vurğulanıb ki, 2021-ci ildə Özbəkistan Prezidenti kinofestivalın bərpa olunması və hər il keçirilməsi ilə bağlı fərman imzalayıb.
“İpək Yolunun mirvarisi” adlı kinofestival qədim Səmərqənd şəhərində öz işinə yekun vuracaq.
Qulu Kəngərli
“Xalq qəzeti”nin xüsusi müxbiri
Daşkənd