Özbəkistanda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan kitab çap edilib

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən “Heydər Əliyev – 100 kəlam” adlı kitab çap olunub.  

Azərbaycan, özbək və türk dillərində nəfis şəkildə çap edilən nəşrdə Ulu Öndərin nitqlərindən seçilən 100  müdrik sözlər, kəlamlar, tövsiyə və  nəsihətlər yer alıb.

Kitabda qeyd olunur ki, Heydər Əliyevin ideyaları bəşəriyyəti tərəqqiyə, sülhə, ədalətə, inkişafa, rifaha səsləyir. İrqindən, milliyyətindən, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir şəxs, hər bir insan üçün dəyərli fikirlərin yer aldığı bu kəlamlar təkcə bu gün üçün deyil, bütün dövrlər üçün aktualdır. Bu da Heydər Əliyev müdrikliyini, uzaqgörənliyini bir daha bariz şəkildə nümayiş etdirir.  

Məlum olduğu kimi, Ulu öndərin adını daşıyan Mədəniyyət Mərkəzi tərəfindən Heydər Əliyev ili və Ulu Öndərin yüz illik yubileyi münasibəti ilə dahi şəxsiyyətin zəngin irsini qardaş ölkədə tanıdılması təbliği istiqamətində çoxsaylı layihələr həyata keçirilir və haqqında danışılan nəşr də bunlardan biridir.

Kitabın Azərbaycanda və Özbəkistanda geniş təqdimatları nəzərdə tutulur.

Qulu Kəngərli 

“Xalq qəzeti”nin xüsusi müxbiri 

Daşkənd

Mədəniyyət