Premyer Liqa: “Qarabağ” üçüncü pilləyə yüksəlib

post-img

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.  Turun son qarşılaşması nə qədər maraqlı və gərgin oyun tərzi ilə yadda qalsa da, təəssüf ki, bir o qədər də gözlənilməz hadisələrlə azarkeşləri təəccübləndirib. XQ” Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov texniki zonadan kənarlaşdırılıb.

Əvvəlcə qeyd edək ki, Qəbələ şəhər stadionundakı qarşılaşma “köhlən atlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Birinci hissənin 2-ci dəqiqəsində Hamidu Keyta hesabı açıb. İlk hissənin 11-ci dəqiqəsində isə Nəriman Axundzadə Ağdam təmsilçisinin ikinci qolunu vurub. Birinci hissə həddən çox gərgin keçib. Hətta matçın 42-ci dəqiqsəində “Qarabağ”ın heyətində Kevin Medina birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub. İlk hissə “Qarabağ”ın 2:0 hesablı qələbəsi milə başa çatıb. 

İkinci hissədə “Qarabağ”ın azlıqda qalmasından istifadə etməyə çalışan “Qəbələ” futbolçuları 75-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxmağı bacarıblar. Meydan sahiblərinin müdafiəçisi Lukas Afriko hesab arasındakı fərqi azaldıb. Bundan sonra matçda hesab dəyişməyib.

Lakin ikinci hissə “Qarabağ” klubunun təcrübəli baş məşqçisi Qurban Qurbanov üçün də gözlənilməz alınıb. Belə ki, o, görüşün baş hakimi Elçin Məsiyev tərəfindən qırmızı vərəqə göstərilməklə texniki zonadan uzaqlaşdırılıb.

Matçdan sonra jurnalistlərin suallarını cavablandıran Qurban Qurbanov deyib: “Kənardan futbolçuma müdaxilə olundu. Həmin şəxsə qarşı emosiyalarımı saxlaya bilmədim”.

Təcrübəli mütəxəssis görüşdən sonra hakimlə söhbətinin pis alınmadığını bildirib.

Qurban Qurbanov müdafiəçi Kevin Medinanın qırmızı vərəqə almasına da toxunaraq deyib: “Deyiləsi bir söz yoxdur. Mənim gördüyüm odur ki, birinci rəqib tərəfdən zərbə gəldi, sonra Medina özünü saxlaya bilmədi və qarşılıq verdi. Bütün oyunçular bu cür davranışlara görə cəza alırlar. Onları da başa düşmək lazımdır. Futbolçuların da xarakteri var. Amma belə qırmızı vərəqəyə görə cəza alırlar”.
Məlumat üçün deyək ki, bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "Qarabağ” Premyer Liqada turnir cədvəlində üçüncü pilləyə yüksəlib. 4 xalı olan “Qəbələ” klubu isə autsayderdir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Səbail” “Araz-Naxçıvan”ı məğlub edib (1:0), “Sumqayıt” – “Turan Tovuz” (0:0), “Zirə” – “Neftçi” (1:1) və “Sabah” – “Kəpəz” (2:2) matçları heç-heçə yekunlaşıb.

Elçin ABBASOV
XQ

İdman