Daş qazan

post-img

Yanmış kibrit çöplərinə baxıram:
başından kül olmağın
kədəri bürüyür könlümü...
Həyat sonda ayaqlarımızın
dibinə gömür işığımızı -
eynən kibrit çöpləri kimi...
Sevdiyim şeirləri qalın
kitablara sürgün eləyiblər,
Bir də onları axtarıb tapmağa
vaxt nə gəzir?
Oğlumun gözlərindən başqa
sürətim hər yerdə kiçilir.
Ölüm ayağındaymışam kimi
itirib bütün mənasını sirlərim.
Qəlbimin daşlığında boğuldu
tumar çəkməyə həsrət əllərim.
Könlümdə qiyama qalxıblar
dilimdəki qullar...
Sizə ölüm yoxdur, ey unutmadıqlarım...
Daş qazandır yaddaşım -
gec qızar, gec soyuyar.

Fərid HÜSEYN

Mədəniyyət