Bakıdakı Xətai Sənət Mərkəzində Xalq rəssamı Əşrəf Heybətovun “Xətai əfsanəsi” adlı pannosunun təqdimatı və əsərlərinin sərgisi açılıb.
İyulun 22-dək davam edəcək sərgi böyük şair, Azərbaycan Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətainin (1487-1524) doğum gününə (17 iyul) həsr olunub. Çıxış edənlər rəssamın əsərlərinin ideya-sənətkarlıq xüsusiyyətlərindən söz açıb, sərgi münasibətilə təbriklərini çatdırıblar.
Sərgidə Xətainin pannosu və rəssamın 20-dək digər əsəri yer alıb. Sənətkarın “Xətai əfsanəsi” pannosu, xüsusilə, tamaşaçıların diqqətini cəlb edib.
***
Yaxşı təhsil xoşbəxt gələcək deməkdir. Lakin dünya ölkələrinin heç də hamısının təhsil sistemi yüksək səviyyədə deyil. Elə ölkələr var ki, orada təhsil almaq və yaşamaq milyonlarla insanın arzusudur.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Beynəlxalq Tələbələrin Qiymətləndirilməsi Proqramı (PISA) bu mövzuda cari ilin hesabatını hazırlayıb.
Təhsil sisteminin mükəmməlliyinə görə ilk 5-likdə yer alan ölkələr aşağıdakılardır:
Finlandiya, Cənubi Koreya, Niderland, Danimarka və İngiltərə.
***
Lənkəran Dövlət Dram Teatrı mövsümü 3 yeni tamaşa ilə başa vurur. Bunlar “Yaşayan ölü” (müəllif Könül Məmmədova, rejissor Anar Babalı), “Müqəssir” (müəllif Əbdürrəhim bəy Haqverdiyev, rejissor Abdulla Elşadlı) və “Cəmilə” (müəllif Çingiz Aytmatov, rejissor İmran Əli Qurban) tamaşalarıdır.
Teatr cari mövsümünü səfərdə başa vurub. “Prokuror” tamaşası lerikli teatrsevərlərə təqdim edilib. “Uçan səhnə” adlı layihə çərçivəsində isə Lənkəran rayonunun Bəliton kəndində truppanın çıxışı maraqla qarşılanıb. Kollektiv Məmmədhüseyn Əliyevin “Prokuror” (quruluşçu rejissorlar Oruc Qurbanov və Anar Babalı) tamaşası ilə Biləsuvar rayonunda da səfərdə olub.
Ə.DOSTƏLİ, “Xalq qəzeti”



