Rusiya Ukrayna limanlarını blokadaya almağa çalışır

post-img

Rusiya taxıl razılaşmasında iştirakını yeniləməkdən imtina etdi. Bu, Ukraynadan taxıl ixrac edən gəmilərin təhlükəsiz keçidini təmin edən müqaviləni faktiki olaraq ləğv etdi. Bu barədə Britaniya Müdafiə Nazirliyi öz kəşfiyyatına istinadən yazır. İndi Rusiya Ukrayna limanlarından bütün ticarət gəmilərinin hərəkətini blokadaya almaq niyyətindədir, lakin bu, onun öz donanmasına da təhlükə yaradacaq.

Britaniya kəşfiyyatı qeyd edir ki, Ru­siya Federasiyası yəqin ki, bir müddət əvvəl bu sazişin onun maraqlarına ca­vab vermədiyinə inanaraq, “Taxıl sazi­şi”ndən çıxmaq qərarına gəlib. Bununla belə, ruslar öz qərarlarını dezinformasi­ya ilə pərdələyirlər: Guya “Ukrayna mi­naları” mülki gəmilər üçün təhlükə ya­radır və Ukrayna taxıl dəhlizindən hərbi məqsədlər üçün istifadə edir. Üstəlik, iyulun 19-da Rusiya Müdafiə Nazirliyi Qara dənizdən keçərək Ukrayna liman­larına üzən bütün gəmiləri potensial hərbi hədəflər hesab edir. Lakin Rusiya həmişə olduğu kimi, öz iddiasına heç bir sübut təqdim etməyib.

Ağ evin Milli Təhlükəsizlik Şurası­nın sözçüsü Adam Hodge isə bildirib ki, Rusiya bu bəhanələri gətirərək Qara dənizdə mülki gəmilərə hücum edə və buna görə Ukraynanı günahlandı­ra bilər: “Biz hesab edirik ki, bu, Qara dənizdə mülki gəmilərə qarşı istənilən hücuma haqq qazandırmaq və bu hü­cumlarda Ukraynanı günahlandırmaq üçün koordinasiya olunmuş cəhddir”.

Bunlar göstərir ki, Rusiya Qara Də­niz Donanması, çox güman ki, indi taxıl ticarətinin pozulmasında daha fəal rol oynayacaq. Amma Ukrayna tərəfi də hadisələrin sakit iştirakçısı olmayacaq. Qara Dəniz Donanmasının blokada əməliyyatları Ukraynanın pilotsuz suüs­tü vasitələri və sahil müdafiəsi qanadlı raketləri ilə təhdid ediləcək. ABŞ-ın Uk­raynaya 1,3 milyard dollarlıq yeni hərbi yardım paketi də bunu deməyə əsas verir. Bu paketə dörd NASAMS hava hücumundan müdafiə sistemi daxil­dir. Paketə NASAMS döyüş sursatları, “Phoenix Ghost” kamikadze dronları, “Switchblade” sursatları, minalardan təmizləmə və dron əleyhinə sistemlər daxildir. 

ABŞ hərtbi yardımla yanaşı, Kiyevə Ukrayna taxılının dünya bazarlarına çatdırılmasında kömək də göstərəcək. Bu barədə Ağ evin mətbuat katibi Ka­rine Jan-Pyer deyib: “Biz taxılın daha çox ehtiyac duyulan bazarlara çatdır­maq üçün Ukraynanın səylərini dəstək­ləməyə davam edəcəyik. Kiyevə daha 1,3 milyard dollarlıq hərbi yardım pa­ketinin ayrılması bunu asanlaşdırmaq üçün nəzərdə tutulub”.

Ağ evin sözçüsü əlavə edib: “Biz bacardığımız qədər kömək etmək üçün addımlar atırıq. Ukraynaya kənd təsər­rüfatı sektorunu dəstəkləmək üçün daha 250 milyon dollar ayrılacaq”.

Bu arada Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşünə gələn Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel deyib: “Qara dəniz təşəb­büsündən əlavə, Ukraynadan taxıl tə­darükü üçün çay və quru marşrutları da mövcuddur. Bu, bizə böyük miqdarda taxıl ixrac etməyə imkan verir. Dəniz yolu bağlanarsa, həmin marşrutlarla idxalı artırmalıyıq. Bu məsələdə Ukray­nanın qonşuları böyük səy göstərməli, sərhədləri açmalı və nəqliyyat daşıma­larını asanlaşdırmalıdır”.

Xatırladaq ki, Rusiya Ukraynanın Odessada yerləşən taxıl limanlarını raket və pilotsuz uçuş aparatlarından atəşə tutur və bu da kənd təsərrüfatı infrastrukturunun dağılmasına, 60 min ton taxılın məhvinə səbəb olub. Bu ha­disələr isə dünya bazarında taxılın ba­halaşmasıua təsir edir.

P. ƏFƏNDİ, “Xalq qəzeti”

Dünya