Şuşada Qazançı kilsəsi

post-img

Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu səbəbdən aparılan bərpa və quruculuq işləri Qazançı kilsəsində də şəhərin orijinal memarlıq üslubuna uyğun olaraq aparılır. Abidənin tarixi görkəmi, mədəni ruhu geri qaytarılır. Nəticədə Azərbaycan dövlətinin öz mədəni irsinə, o cümlədən xristian irsinə diqqəti bir daha nümayiş etdirilir. Bu, həm də, tariximizə, mədəniyyətimizə, abidələrimizə sahib çıxmağımızın örnək nümunəsi, tolerantlığımızın göstəricisidir. 

Amma Qazançı kilsəsinin bərpa prosesindən narahat olanlar da var. İş­ğalçı Ermənistan bizə qarşı şər-böhtan atır, cəfəng iddialar irəli sürür. Dünyanın bütün müvafiq beynəlxalq təşkilatları­na müraciət edərək “erməni” kilsəsinin azərbaycanlılar tərəfindən “dağıdılma­sı”, kilsənin gümbəzinin məhv edilməsi haqqında iddialar səsləndirir, dezinfor­masiyalar yayırlar. Məqsəd isə Azərbay­canı etmədiyi bir işdə suçlamaq, dünya dövlətləri arasında gözdən salmaqdır.

Bəs, bu kilsənin ermənilərə nə aidiy­yatı var? Şuşada xristian kilsəsi Qarabağ xanlığının Çar Rusiyası tərəfindən işğa­lından sonra inşa olunub. Rusların hər­bi hissələrinin Qarabağda yerləşməsi, onların da özlərinə belə abidə tikmələri üçün əsas olub.

Əvvəllər rus əsgərləri ibadətlərini və bəzi dini ayinlərini bu məqsəd üçün nəzərdə tutulan ictimai binada yerinə yetiriblər. 1858-ci ildə isə rus koman­danlığının göstərişi ilə zəng qülləsi, 1868-1887-ci illərdə kilsə tikilib. Təbii ki, kilsə tikintisində müsəlman əhali işləmə­yib, şəhərdə isə xristianlar yaşamırdı. Deməli, o dövrdə Şuşada nə erməni və nə də digər xristian xalqları yaşayıb. Məhz bu səbəbdən də kilsənin tikintisin­də işləmək üçün indiki Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Qazançı kəndindən Şuşaya erməni əhali köçü­rülüb. Oradan gələn ermənilər kilsənin tikintisindən sonra Şuşada qalaraq, ora­da məskunlaşıblar. Yerli əhali Culfadan gələn erməniləri “qazançılar” adlandırıb­lar. Elə bu səbəbdan də kilsənin adına da Qazançı kilsəsi deyiblər. 

...Rusiyada 1917-ci il inqilabından sonra, rus hərbçiləri Şuşadan getdilər. Bundan sonra şəhərdə rus provoslav kilsəsində ibadət edən qalmadı. 1920-ci ildə isə Azərbaycanı işğal edən bolşevik­lər, məscidlərdə və kilsələrdə ibadəti qa­dağan etdi. Qadağalar SSRİ-nin süqutu­na qədər qüvvədə qaldı. Bütün bu dövr ərzində nə Şuşada, nə də ümumilikdə, Qarabağda kilsə fəaliyyətinə icazə veril­mədi. 

Ermənistan silahlı qüvvələri Şuşanı işğal etdikdən sonra, bu kilsə də ermə­niləşdirilməyə məruz qaldı. 1995-2000-ci illərdə memarlıq quruluşu dəyişdirilərək, erməni Qriqorian kilsəsinə çevrildi.

Beləliklə, yuxarıda qeyd edilənlərdən aydın olur ki, Qazançı kilsəsi erməni mə­dəni irsinə aid deyil. Baxmayaraq ki, bu gün də haylar onu “erməni kilsəsi” kimi qələmə verir və ziyarətə gəlməyə can atırlar. İkincisi, kilsənin üzərindən asılan zəng və Şuşadakı rus komandanlığının tələbi ilə Rusiyanın Tula şəhərində ha­zırlanaraq, hərbçilərin köməyi ilə Şuşaya gətirilib. Əgər Şuşada erməni katolikos­luğu mövcud idisə, niyə kilsə zəngini er­mənilər hazırlamırdı, sifarişini haylar ver­mirdilər və Tuladan gətirilirdi? Üçüncüsü, Qazançının erməni kilsə memarlığına heç bir adiyyatı yoxdur və rus provaslav kilsə memarlığı ilə tikilib. O zaman belə bir sual yaranır, əgər kilsə ermənilərə aid idisə, bəs niyə Qriqorian memarlığı üslu­bunda tikilməyib.

Qeyd edək ki, Qazançı kilsəsi Şuşa şəhərinin kənarında, hazırkı yuxarı his­səsində yerləşir. Şəhər işğaldan azad edildikdən sonra Azərbaycan hakimiyyə­ti bu kilsə də daxil olmaqla, dağıdılmış obyektlərin bərpasına başlayıb. Çünki şəhərin hər bir abidəsi, binası, daşı belə bizim üçün dəyərlidir.

Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”

Mədəniyyət