“Kitabi Dədə Qorqud”un yeni nüsxəsi aşkar edilib

post-img

Türkiyənin NTV telekanalının yaydığı məlumata görə, Bursa şəhərində bir əntiq əşyalar mağazası sahibinin nadir əsər olduğunu bilmədən Muradiye Quran və Əlyazmaları Muzeyinə bağışladığı “Kitabi-Dədə Qorqud” dastanının nüsxəsi türkoloqların tədqiqat mənbəyi olub.

Hədiyyəlik əsər Bursa Bələdiyyəsi tərəfindən bərpa olunub və onun surə­ti nəşr edilib. Bundan sonra türkoloqlar daha öncə Drezden və Vatikan nüsxələri məlum olan “Kitabi Dədə Qorqud” das­tanının yeni nüsxəsi üzərində tədqiqata başlayıblar.

Əsərin orijinalını muzeyə bağışlayan tacir İbrahim Koca bildirib ki, kitabı ona Bursanın Fadıllı kəndindən ərəb dilini və Osmanlı türkcəsini bilən bir müəllim gəti­rib. Kitab kolleksiyaçısı olmadığını və bu səbəbdən onu muzeyə hədiyyə etdiyini söyləyən Koca əlavə edib ki, Bursa Uni­versitetinin müəllimləri sonradan ona bu nüsxənin çox nadir və qiymətli olduğunu deyiblər.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kafedra müdiri, filologi­ya üzrə elmlər doktoru, “Kitabi Dədə Qorqud”un Vatikan nüsxəsinin tədqiqat­çısı olan professor Tərlan Quliyev “Xalq qəzeti”nə açıqlamasında bildirdi ki, bu dastan türk xalqlarının mədəniyyətində çox əhəmiyyətli yer tutur:

– Dastanın elm aləminə məlum olan nüsxələri uzun zamandır ki, türk dün­yasının ədəbiyyatşünasları tərəfindən araşdırılır. Elm aləminin ehtimalına görə, dastanın hələ tapılmamış nüsxələri də olmamış deyil. Çünki bu böyüklükdə abidənin cəmi iki nüsxədə bizim dövrü­müzə gəlib çatması inandırıcı deyil. Fik­rimi daha yaxşı izah etmək üçün, misal olaraq vurğulayım ki, Füzilinin divanının Türkiyədə 68 nüsxəsi var. 

“Kitabi Dədə Qorqud” dastanının yeni nüsxəsinin tapılması onu göstərir ki, vax­tilə, ən azı, bir neçə nüsxədə üzü köçü­rülüb. Yeni nüsxənin əldə edilməsi də biz alimlərin gumanını doğruldur. Deyilənə görə, Bursa şəhər bələdiyyəsi bu nüsxə­ni yenidən çap edib yayıb, amma hələ ki, bizə gəlib çatmayıb. Bu əsərin bizim üçün də əlçatan olmasını arzu edirik. Araşdırıb, aydınlaşdırardıq ki, onun Va­tikan və Drezden nüsxələri ilə oxşar və fərqli cəhətləri nələrdir? Ümumiyyətlə, düşünürük ki, yeni tapılan bu əlyazmanın “Dədə Qorqud” dastanına nə qədər adiy­yatı var? Müəyyənləşdirmək lazımdır ki, yeni tapıntı əsl dastandırmı, yoxsa əvvəl­ki nüsxələrin törəməsidir? 

Məlumata görə, yeni nüsxə 238 sə­hifəlikdir və onların hər birində başlıqları qırmızı mürəkkəblə yazılmış 13 sətir var. Bu, onu deməyə əsas verir ki, bu törəmə deyil, bəlkə də, dastanın yeni bir qoludur. Bir neçə il bundan öncə dastanın Türk­mən səhra nüsxəsi də ortaya çıxmışdı. Hələ ki bu variantın da üzərində araşdır­malar aparılır. Dəqiqləşdirməyə çalışırıq ki, yeni bir qoldur, yoxsa Vatikan və Drez­den nüsxələrinin surətidir. 

Türkoloq alim Bəşir Ayvazoğlu isə jur­nalistlərə müsahibəsində bildirib ki, üzə çıxan yeni nüsxə türk mədəniyyətinin tə­dqiqi baxımından çox qiymətlidir. “Qədim türk dilində yazıldığı üçün əsərdə oxun­ma problemi olan kəlmələr də var. Türko­loqlar və dilçi alimlər bu kitabın üzərində illər boyu çalışacaqlar. Onlar bu nüsxənin əvvəlkilərdən fərqini də aşkar edəcəklər. Düşünürəm ki, “Kitabi Dədə Qorqud” dastanının daha çox nüsxəsinin olması türk mədəniyyəti üçün bir zənginlikdir”.

Alim bildirib ki, bu nüsxə XVII əsrdə tərtib edilib və qədim türk dilinin tədqiqi baxımından əhəmiyyətlidir. O, kitabın surətinin çap edilərək kitabxanalara pay­lanması və internetdə yerləşdirilməsinə görə Bursa şəhər bələdiyyəsinə təşəkkü­rünü bildirib.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”





Mədəniyyət