Praqada soydaşımızın rənglər aləmi

post-img

Praqadakı Azərbaycan Mədəniyyət Evində rəssam Heyran Mustafazadənin “Köklər” sərgisinin açılışı olub.

Mərasim rəmzi “sülh zəngi”nin çalınması ilə başlayıb. Mədəniyyət evinin direktoru və layihənin kuratoru Leyla Begim bildirib ki, “köklər” mövzusu birbaşa sülh anlayışı ilə bağlıdır: məkan təkcə torpaq deyil, həm də yaddaşın və kimliyin qoruyucusudur. Köklərin qorunması isə sabitlik və dialoq üçün seçimə çevrilir.

Rəssam bildirib ki, sərginin ideyası bir neçə ay əvvəl kuratorla söhbətdə ortaya çıxıb. Belə ki, 44 günlük Qarabağ müharibəsi hadisələrinin təsiri ilə Bakıda başlanan və Praqada tamamlanan silsilə ağrı və ümid arasında körpünü simvollaşdırır.

Sərgidə tamaşaçılara “Yeni” silsiləsi – insan varlığının yeddi mərhələsini əks etdirən əsərlər təqdim edilib. Klassik rəngkarlıq və abstraksiyanın vəhdəti üslubunda yaradılmış rəsm əsərləri Əzizə Mustafazadənin caz kompozisiyaları ilə müşayiət olunub.

Açılışda Çexiyanın bədii və akademik ictimaiyyətinin nümayəndələri, diplomatlar, eləcə də Azərbaycan diasporunun üzvləri iştirak ediblər. Sərgi incəsənətin müxtəlif mədəni təbəqələri necə birləşdirəcəyinə və dialoq üçün məkan yarada biləcəyinə nümunə olub.

XQ

Mədəniyyət