Konstitusiya legitimliyi və suveren dövlət idarəçiliyi

post-img

Ölkə başçımız İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli sərəncamı ilə cari ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi milli dövlətçiliyimizin inkişaf mərhələsində strateji məna daşıyan hadisədir. Prezidentin Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə əsaslanaraq qəbul etdiyi bu qərar həm tarixi keçmişin dərindən dəyərləndirilməsi, həm də gələcəyə yönəlmiş siyasi mesajdır. Bu barədə sərəncamda qeyd edilir: “Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir”.

Konstitusiya hər bir müasir dövlətin hüquqi-siyasi sütunudur. Bu baxımdan 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası da müstəqil dövlətçiliyimizin hüquqi bünövrəsini formalaşdırır. Sənəd azərbaycançılıq ideologiyasının, milli birliyin və müstəqil dövlətin inkişaf fəlsəfəsinin daşıyıcısıdır. 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra konstitusiyada, insan haqları və digər məsələlər barədə insanların rifahı və gələcəyi naminə, həm də etik norma və dəyərlərə daha çox yer verildi. Ulu öndər Konstitusiyanın yaranmasında tarixi keçmişimizlə yanaşı, həm də dünya dövlətlərinin demokratik və hüquqi prinsiplərinə diqqətlə yanaşmağı, yeri gələndə ondan bəhrələnməyi təkidlə bildirirdi: "Azərbaycanın tarixi keçmişi, bugünkü reallıqlarını və gələcək perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir. Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda, ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi naliyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik".

Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə hər il sentyabrın 20-nin Dövlət Suverenliyi Günü, həmçinin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhər günləri kimi qeyd olunması isə suverenliyin yalnız hüquqi deyil, həm də milli yaddaş və coğrafi bütövlüklə bağlılığını vurğulayır. Ötən il sentyabrın 19-da imzalanan Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında qeyd edilir: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.

Azərbaycan xalqı XX əsrdə iki dəfə müstəqillik qazanmış, 1991-ci ildən etibarən bu azadlığı qoruyub saxlamağı bacarmışdır. 1991–1993-cü illərdəki mürəkkəb siyasi böhran, hakimiyyət boşluqları və xarici təsirlər dövlət suverenliyimizi təhlükə altına salmışdı. Ancaq Ulu öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində ölkəmiz müstəqilliyini möhkəmləndirdi, konstitusion dövlət quruculuğu yoluna qədəm qoydu. Bu kursun davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə Azərbaycan dövləti beynəlxalq aləmdə bərabərhüquqlu tərəfdaş kimi mövqeyini möhkəmləndirdi.

2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi inkişafında dönüş nöqtəsi oldu. Bu qələbə nəticəsində ölkəmiz beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyünü təmin etdi və dövlət suverenliyini faktiki olaraq tam şəkildə bərpa etdi. Cari ildə Şanlı Zəfərin 5 illiyi qeyd olunacaq.

Tarixə nəzər salsaq, 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarımız işğal altına düşmüş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə salınmışdı. 30 ilə yaxın davam edən işğal beynəlxalq hüququn prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və regionda sülhün əsas şərtlərinə zidd idi.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində qazandığı tarixi qələbə bu ədalətsiz vəziyyətə son qoydu. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, xalqın dəmir iradəsi və ordumuzun yüksək döyüş qabiliyyəti sayəsində torpaqlarımız azad edildi. Bu müharibə Azərbaycan tarixində yalnız hərbi əməliyyat deyil, həm də milli birliyin, dövlətçilik ideyalarının və müasir idarəetmə modelinin təntənəsi oldu.

2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın suverenliyini tam şəkildə bərpa etməsinə gətirib çıxardı. Separatçı qurumun qalıqları məhv edildi, qanunsuz silahlı birləşmələr təslim oldu. Xankəndi, Əsgəran, Ağdərə və Xocavənd şəhərlərinin nəzarətə götürülməsi ilə Qarabağda dövlət hakimiyyəti bərpa edildi.

Əli Azərbaycan xalqının qanına batmış separatçı və terrorçu “liderlər”in məhkəmə qarşısına çıxarılması həm hüquqi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu, göstərir ki, Azərbaycan yalnız hərbi gücü ilə deyil, həm də hüquqi dövlət prinsipləri əsasında ədaləti təmin edir.

2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin işğaldan azad edilmiş Ağdərə, Xocalı, Xocavənd və Xankəndiyə səfəri Azərbaycan dövlətçiliyinin rəmzi qələbəsi kimi tarixə düşdü. Dövlət bayrağının bu şəhərlərdə ucaldılması milli suverenliyin faktiki təcəssümü idi. Bu hadisə həm də Azərbaycanın gələcək inkişafında Qarabağın mərkəzi rolunu təsdiqlədi. Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağını ucaltdıqdan sonra dövlət başçımız xalqa müraciətində demişdir: "Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm".

Bütün bunların nəticəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparılması Azərbaycanın strateji hədəflərinin bir hissəsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu bölgələrdə “Böyük Qayıdış” proqramı həyata keçirilir, müasir infrastruktur qurulur, şəhərlər və kəndlər yenidən salınır.

Bu proses iqtisadi inkişaf, milli suverenliyin sosial və mədəni müstəvidə bərpasıdır. Qarabağ artıq yalnız azad edilmiş torpaq deyil, həm də gələcək nəsillər üçün güc, birlik və müstəqillik simvoludur.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı tarixdə qələbə qazanan, gələcəyini azad, müstəqil və qüdrətli şəkildə quran xalq kimi özünü təsdiqlədi. Qalib Lider və Qalib Sərkərdə anlayışı Azərbaycan dövlətçilik ənənələrinin ayrılmaz parçasına çevrildi.

Rəşad MƏMMƏDOV,
Xaçmaz rayon prokuroru, baş ədliyyə müşaviri

Siyasət