Yusif Səmədoğlu – 90
Məlum olduğu kimi, Prezident İlham Əliyev 4 sentyabr 2025-ci ildə Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sənədin preambula hissəsində qeyd edilib ki, Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardandır. Dərin ictimai-mənəvi məzmunlu əsərləri – hekayə, roman və film ssenariləri ilə ədəbi prosesdə iz qoymuş yazıçıdır.
Yusif Səmədoğlu məşhur Vəkilovlar nəslinin layiqli nümayəndəsi, unudulmaz Xalq şairimiz Səməd Vurğunun böyük oğlu idi. Ötən əsrin 60-70-ci illərində milli nəsrin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi xidmətləri olub. Parlaq mədəniyyət hadisəsinə çevrilmiş məşhur “Qətl günü” romanı ədibə Azərbaycanın hüdudlarından kənarda da şöhrət qazandırıb. Yusif Səmədoğlu rəhbəri olduğu mühüm ədəbi-bədii məcmuələrdən milli düşüncə və ideyanın daha geniş yayılması üçün tribuna kimi istifadə edib, ölkədə azadlıq hərəkatının və müstəqillik uğrunda mübarizənin ön sıralarında dayanıb, xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə vətəndaş-ziyalı mövqeyi ilə seçilib.
Hələ Səməd Vurğun sağ ikən (1953) Moskvadakı M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutuna daxil olan gənc Yusif atası vəfat edəndən sonra həmin institutun 4-cü kursundan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə keçirilərək, ali təhsilini burada bitirib. “Azərbaycan” jurnalı redaksiyasında, kinostudiyada, “Ulduz” dərgisində sıravi işçidən rəhbər vəzifələrə qədər məhsuldar fəaliyyət göstərib. 1960-cı ildə onun Nəmidə xanımla toyunda böyük türk şairi Nazim Hikmət də iştirak edib, sağlıq deyib…
Gözəl bədii dili olan ədibin psixoloji və ictimai siqləti ilə seçilən “220 saylı otaq”, “Qalaktika”, “Qətl günü” kimi kitabları ədəbi tənqidin və geniş oxucu kütləsinin diqqətini cəlb edib. Onun “Saat işləyir”, “Simurq quşu”, “Bayatı-Şiraz”, “İncə dərəsində yaz çağı” və sair hekayələri dəyərli əsərlər kimi yadda qalıb.
İstedadlı qələm sahibi hələ 60-cı illərdə Cəlil Məmmədquluzadə və Səməd Vurğun haqqında sənədli filmlərin ssenarisini yazıb. “Yeddi oğul istərəm”, “Səmt küləyi”, “Qətl günü” adlı bədii filmlərin ekran uğurunda Yusif Səmədoğlunun zəhmət payı böyük olub.
Son əsəri – “Deyilənlər gəldi başa” romanı yarımçıq qalıb. Yaxın dostu – AYB-nin sədri, Xalq yazıçısı Anarın dediyinə görə, əsərin 85 səhifəlik mətnini oxuyub və təəssüratlarını onun “Seçilmiş əsərləri”nə yazdığı ön sözdə belə ifadə edib: “Yusif istedadına xas olan təfərrüat dəqiqliyi, sanki öz gözünlə görürsənmiş kimi təsvir olunmuş və danışıqları öz qulağınla eşidirsənmiş kimi canlandırılmış personajlar, 85-ci ildə başlamış və sonrası görünməmiş sarsıntılarla, ictimai zəlzələlərlə, siyasi tufanlarla, faciələrlə, qanla, göz yaşlarıyla nəticələnmiş hadisələrin ilk hənirtisi, ilk işartıları. Sanki aləmi tarmar edəcək, silib-süpürəcək güclü bir selin hələ çox uzaqlardan eşidilən uğultusudur bu...
Yusifin son əsərlərindəki mistik motivlər, ümumən yazıçının mistisizmə, irrealizmə meyli “Deyilənlər gəldi başa” romanının ilk səhifələrindən açıq-aşkar sezilir… Təbii ki, roman ilk növbədə müəllifin bədii fantaziyasından, təxəyyülündən doğur, amma yazıçının real həyatda gördüklərinin, yaşadıqlarının, duyduqlarının, təəssüratlarının da bu yaradıcılıq prosesində çox önəmli payı var. “Deyilənlər gəldi başa” romanını oxuduqca Yusiflə keçirdiyimiz bəzi günlərin, saatların xatirələri canlanırdı gözlərim qarşısında: Moskva günlərimiz, Dərbənd səfərimiz, Misirə getməyimiz... Nə yazıq ki, amansız ölüm Yusifi bizdən ayırdı, ədəbiyyatımızın başlanğıcı belə maraqlı şəkildə yazılmış dəyərli bir romandan məhrum oldu”.
Bu yerdə ədibin qızı Humay Vəkilovanın xatirələrindən bəzi qeydlərə də istinad edək: “Atam 1990-cı ildə müstəqil Azərbaycanın ilk parlament üzvlərindən biri olub. Çox vətənsevər və millətsevər idi. Onun ən böyük üstünlüyü demokratik insan olmağında idi. Bu yaxınlarda rəhmətlik əmim Vaqif Səmədoğlunun köhnə müsahibəsinə qulaq asırdım. Səməd Vurğun haqqında ona sual verdilər. O da eynən bu sözü dedi.
Atam evdə necə idisə, kollektivdə də, dostlarla da elə olurdu. Gözəlliyi çox sevirdi. Gözəl də geyinirdi, özünə fikir verirdi. Zövqlü insan idi. Onun, həmçinin gözəl qəlyan kolleksiyası var idi... Atam həm də olduqca cəsarətli insan idi. 20 Yanvar hadisələri zamanı çox sarsılmışdı. Canlı yayımda bütün dünyaya baş verənlər haqqında car çəkmək böyük cəsarət tələb edirdi. Çox adamlar gizlənsə də, atam və Bəxtiyar Vahabzadə heç nədən qorxmadan insanları qırğından qorumağa çalışırdılar (Y.Səmədoğlunun “Azadlıq” radiosuna məlum müsahibəsi nəzərdə tutulur)”.
Sonda əlavə edək ki, görkəmli yazıçı təyyarəyə minməkdən qorxurmuş. Bu fobiya onda 1960-cı ildə İL–18-lə Moskvaya bal ayına gedərkən təyyarənin az qala qəzaya uğramasından sonra yaranmışdı. O zaman pilotların cəsarəti sayəsində təhlükə sovuşmuşdu. 1973-cü ildə isə Moskvadan qalxan təyyarə Praqaya enərkən qəzaya uğrayıb və göyərtədəkilərin çoxu həlak olub. Sən demə, həmin reyslə Yusif Səmədoğlu və Eldar Quliyev də uçacaqlarmış. Sadəcə yazıçı əvvəlki axşam Praqaya uçmaq istəmədiyini deyibmiş. Bəlkə də o, bilərəkdən səhər gec oyanıb və reysə gecikiblər.
Təəssüf ki, təyyarə qəzalarından qurtulan Yusif Səmədoğlu sağalmaz xəstəliyin cəngindən qopa bilməyib və 1998-ci ildə, 62 yaşında dünyasını dəyişib. Təsəlli budur ki, o, mənalı, dolğun və xalqımız, ədəbiyyatımız üçün son dərəcə faydalı bir ömür sürüb, “Şöhrət” ordeninə layiq görülüb və “Səmədoğlu” imzasına şərəf gətirib.
Ruhu şad olsun!
Ə.DOSTƏLİ
XQ