ABŞ-ın Portlend şəhərindəki “Oreqon” Müasir İncəsənət Mərkəzində Azərbaycanın Əməkdar mədəniyyət işçisi, rəssam Sürəyya Muğanlının “İlkinliyin sönməyən işığı” adlı fərdi sərgisi keçirilib.
Azərbaycanlı rəssamın unikal həyat hekayəsi və səmimiliyi amerikalı sənətsevərlərin diqqətini cəlb edib. Portlend ictimaiyyəti və ABŞ sənətçiləri sərgi haqqında müsbət rəylər veriblər. Ziyarətçilər arasında məşhur fotoqraf Kris Rauşenberq də olub. O, ötən ildən Sürəyya Muğanlının yaradıcılığına heyran qalıb, onun sənət əsərlərini öz gözləri ilə görməkdən şad olduğunu bildirib.
Sürəyya Muğanlı Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Kollecini bitirdikdən sonra Bakıda iki fərdi sərgisi açılıb: “2019-cu ildə Moskvada “Velvet Confessions” kollektiv sərgisində ilk dəfə işlərimi xarici auditoriyaya nümayiş etdirdim. Azərbaycan mədəniyyətini uzaq bir ölkədə ictimaiyyətə təqdim etməkdən çox xoşbəxtəm”.
Əldə etdiyimiz məlumata görə, Çikaqodakı muzeylərdən birində də Sürəyya Muğanlının fərdi sərgisinin keçirilməsi təklif olunub. Bununla yanaşı, 2024-cü ildə İçərişəhərdəki “Ta(r)dino 6” İncəsənət Platforması məkanında rəssamın fərdi retrospektiv sərgisini açmağı planlaşdırılır.
Sürəyya Muğanlı Saatlı rayonundakı Tarix-diyarşünaslıq muzeyinə rəhbərlik edir. O, qeyri-adi qrafika əsərləri yaradır. Rəsmlərində Cənubi Qafqaz mifologiyasına istinadlar, Asiya və Cənubi Amerikanın dini inanclarından ilhamlanan əyani sitatlar var.
L.AZAD, “Xalq qəzeti”