“35 ildən sonra”. Premyera

post-img

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Kiçik səhnə”sində İsveç dramaturqu Benqt Alforsun "İllüziya" pyesi əsasında hazırlanan "35 ildən sonra" adlı tamaşanın premyerası keçirilib.

Müasir dövrdə ailə münasibətlərində yaranan problemlərə həsr olunan səhnə əsərində aktyorların timsalında insanlara ailə münasibətlərini qorumaq üçün bir-birinə güzəştə getməyin və anlaşmanın nə qədər  vacib əhəmiyyət daşıdığını görürük.

Dözülməz xasiyyətinə görə ən yaxın qohumları, hətta həyat yoldaşları tərəfindən tərk edilmiş bivec qoca Kazimir Kant günlərlə xəstə, tənha halda yatağında uzanır, heç kimlə ünsiyyətdə olmaq istəmir. Səssiz və dağınıq evində yalnız olan Kant ömrünü onu müalicə edən həkimi və evdəki cansız əşyalarla danışmaqla keçirdir.

Bir gün gənc, gözəl bir qız onun evinə qonaq gəlir və ruhsuz, hissiyatsız olan qocanı yenidən əvvəlki həyatına qayıda biləcəyinə inandırmağa çalışır. Onların söhbətindən məlum olur ki, əslində Kant əvvəllər teatrda ən yaxşı rolları oynamış aktyor olub. Lakin, amansız tale elə gətirib ki, onu artıq heç kim tamaşalara dəvət etmir və heç kəs onunla ünsiyyət belə qurmaq istəmir. Şarlotta adlı bu xanım isə əslində dramaturqdur. Yazdığı pyes “Adəm, Həvva və İlan” adlanır. O, qocanı israrla əsəri oxumağa məcbur edir və ona bildirir ki, burada əsas rolu yalnız o oynaya bilər. Qoca Kant  isə qızın sözlərinə əhəmiyyət verməyib, gülür. Bunu görən Şarlotta bərk əsəbləşir. Pyesi alıb, özü oxuyur. Burada təsvir olunan hadisələrdən təsirlənən Kant sanki, yuxudaymış kimi birdən ayılır.

Əsərdə onun bütün həyat hekayəti təsvir olunurdu. Tamaşada baş verən hadisələrdən də aydın olur ki, Kazimir Kant iki dəfə ailəli olub. Lakin, dözülməz xasiyyətinə görə arvadları onu atıb, gedib. Qızı Şarlotta isə uzun illərdən sonra atasını axtarmaq qərarına gəlib. Və budur. O, atasını tapır və sonda ona qovuşur. Çox təsirli səhnədir. Şarlottanın göz yaşları içində boğularaq, “mən sənin qızınam” deməsi ilə Kant sevincindən ayağa qalxır, sanki yenidən ikinci baharını yaşayır. Doğma, əziz qızını bərk-bərk qucaqlayıb, bağrına basır.

Ata ilə övlad arasında baş tutan bu görüş - atanın qızına qovuşma anı  onlar arasında olan valideyn-övlad sevgisini daha da artırır, sevinclərinin birə-beş qat artmasına səbəb olur. Uzun illərdən sonra yeganə qızı ilə qarşılaşan ata onun varlığından vəcdə gəlir, həyəcanlanır, həm də xoşbəxt olur.

Tamaşanın quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Dmitri Afansyev, musiqi tərtibatçısı Zaur Rəşidovdur. 

Rolları Əməkdar artist Elnur Bəhramxan, aktyorlar Kərəm Hadızadə və  Zümrüd Quliyeva ifa edirlər.

Fidan SALMANOVA,
“Xalq qəzeti”













Mədəniyyət