"Avro-2024": Milli komandamız sülhə imza atıb-FOTOLAR

post-img

Bu gün “Avro-2024”-ün seçmə mərhələsi çərçivəsində futbol üzrə Azərbaycan millisi Estoniya yığması ilə qarşılaşıb.

Qeyd edək ki, "Dalğa Arena"da keçirilən oyunun baş hakimi çexiyalı Andrey Berka olub.

Milli komandanın start heyətində Şahrudin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Höccət Haqverdi, Elvin Cəfərquliyev, Emin Mahmudov, Aleksey İsayev, Elvin Camalov, Renat Dadaşov, Mahir Emreli və Ramil Şeydayev yer alıblar.

Estoniya yığmasında isə Karl Yakob Heyn, Myarten Kuusk, Marko Lukka, Mattias Kyayt, Rasmus Peetson, Henri Anier, Konstantin Vassilyev, Rauno Sappinen, Martin Miller, Karol Mets və Vlasi Sinyavski meydana çıxıblar.

Birinci hissə oyuna daha fəal başlayan qonaqlar matçın 27-ci dəqiqəsində Sappienin qolu ilə hesabda önə keçiblər. 45 dəqiqə ərzində Azərbaycan millisi nə qədər çalışsa da, hesaba tarazlıq gətirə bilməyib. Beləliklə, ilk hissə qonaqların 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
İkinci hissənin əvvəlindən ardıcıl hücumlar təşkil edən Azərbaycan millisi nəhayət, 62-ci dəqiqəsində Emin Mahmudovun ötürməsindən sonra Anton Krivotsyuk hesabı bərabərləşdirib. Bu qoldan sonra matçın əsas vaxtında hesab dəyişməyib. 90 dəqiqə 1:1 hesabı ilə başa çatdıqdan sonra milli komandalar hərəyə bir xala qazanıblar. 

Qeyd edək ki,  milli komandamız qrupda daha əvvəl keçirdiyi oyunlarda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzub. Bu gün 1:1-lik heç-heçəyə imza atan yığmamız növbəti görüşünü sentyabrın 9-da doğma meydanda Belçikaya qarşı keçirəcək.

Yeri gəkmişkən, bu qrupun digər oyununda Belçika və Avstriya milliləri bu axşam üz-üzə gələcəklər.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"



























İdman