“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı keçiriləcək

post-img

Heydər Əliyev Fondunun təşəbbüsü ilə iyunun 18–25-də “Muğam aləmi” (“Space of Mugam”) 6-cı Beynəlxalq Musiqi Festivalı keçiriləcək. 

Festival Bakı və Şuşa şəhərlərində təşkil olunacaq. Festivalda ifaçıların qey­diyyatı mayın 1-dən 20-dək aparılacaq. Azərbaycanı bu festivalda aprelin 24–27-də keçirilən Milli Muğam Müsabiqəsinin qalibləri – xanəndə və instrumental ifa kateqoriyası üzrə birinci yerin mükafatçı­ları Mirəli Sarızadə və Vaqif Təhməzov təmsil edəcəklər. 

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının açılışı iyunun 18-də Heydər Əliyev Sarayında olacaq. İyunun 25-dək davam edəcək festival çərçivəsində Ba­kının müxtəlif mədəniyyət ocaqlarında, həmçinin iyunun 23-də Şuşanın tarixi mə­kanlarında müxtəlif tədbirlər – müsabiqə, mühazirə və təqdimatlar, konsertlər, sərgi və simpoziumlar təşkil ediləcək. Festivalın sonuncu günündə 24 saat ərzində eyni məkanda bir-birini əvəz edən canlı mu­ğam marafonu olacaq. 

“Muğam aləmi” Festivalında 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərini və Qran-Pri mükafatçısını beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. İyunun 25-də qaliblərin mükafatlandırılması və konsert keçiriləcək. 

Festival günlərində Bakıda keçirilə­cək konsertlərə biletləri “iTicket.az” say­tı və satış məntəqələrindən əldə etmək mümkün olacaq. 

Xatırladaq ki, Heydər Əliyev Fondu­nun təşəbbüsü ilə 2009-cu ildən bey­nəlxalq muğam festivalları təşkil olunur. Layihə muğamı dünya mədəniyyəti kon­tekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.

Mədəniyyət